Azərbaycan Milli Elmlər Akademiyası  Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov Azərbaycan Dövlət Televiziyasının “Ekoetika” verilişinin çəkiliş qrupu ilə işğaldan azad olunmuş Arazboyu ərazilərdən başlayaraq Zəngilan və Cəbrayıl rayonlarına səfər edib.

 

Məqsəd 30 ilə yaxın müddətdə burada törədilən ekoterroru daha yaxından görmək, işğal dövründə Azərbaycan ərazisinə dəyən ziyanın miqyasını müəyyənləşdirmək olub.

 

Ekoloji terror izlərinin hər yerdə müşahidə olunduğunu deyən alim Araz çayının ətraf ərazilərlə birgə vahid kompleks təşkil edən ekosistem olduğunu diqqətə çatdırıb. O bildirib ki, kompleksdə hər hansı bir dəyişiklik olduqda, bu özünü Araz çayında göstərir. Kiçik Qafqazın Cənub-Şərq yamacından axan çayların əksəriyyəti Azərbaycanın ikinci ən böyük çayı olan Araza tökülür və ermənilərin işğalı altında olan ərazilərdə baş verən hadisələrin təsiri bilavasitə çayda özünü göstərir. Dağ-mədən sənayesi tullantıları, törədilən yanğınlar, meşələrin kəsilməsi, bulaqların quruması, bundan əlavə, Ermənistandan axan çirklənmiş çaylar, eləcə də İrəvandan axan və şəhərin çirkabını özündə daşıyan Zəngi (Razdan) çayı Arazın  vəziyyətini bir az da ağırlaşdırır.

 

M.İsmayılov Ermənistanın bu işdə məsuliyyət daşıması üçün ölkəni beynəlxalq səviyyədə uyğun konvensiyalara qoşulmağa məcbur etməyin vacibliyini diqqətə çatdırıb.