Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilmiş “Müəllim hazırlığında riyaziyyatın tədrisi: müasir çağırışlar və yeni yanaşmalar” mövzusunda birgə elmi-praktik seminar keçirilib.
ADPU-nun prorektoru Fikrət Rzayev ölkədə ali təhsilə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Universitetin 100 illik inkişaf yolundan, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində əldə edilmiş nailiyyətlərdən bəhs edib.
ADPU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə və məzunlarını təbrik edən MDU-nun prorektor əvəzi Veysəl Əyyubov universitetin 100 illiyinin respublika səviyyəsində qeyd edilməsini ali təhsilin inkişafına dövlət qayğısının bariz nümunəsindən biri kimi dəyərləndirib.
ADPU-nun “Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası” kafedrasından dosent Rasim Şükürov “İbtidai siniflərdə riyaziyyatın tədrisinin aktual problemləri”, baş müəllim Mehdixan Aşurov “İbtidai sinif müəllimi hazırlığında həndəsi anlayışların öyrənilməsində varislik”, MDU-nun “Riyaziyyat” kafedrasından dosent Sahib Mustafayev “Respublikada riyaziyyat müəllimi hazırlığının dünəni və bu günü”, dosent Müsəllim Hümbətov “Yuxarı siniflərdə natural ədədlər hesabına aid tədris materialının inteqrativ şəkildə ümumiləşdirilməsi”, dosent Mehman Rəsulov “Müstəqil öyrənmədə və özünüqiymətləndirmədə kodlaşdırmanın tətbiqi” mövzularında məruzə ilə çıxış ediblər.
Məruzələrdə müasir dövrdə riyaziyyat müəllimi hazırlığında əsas çağırışlar və yeni tələblər, ibtidai siniflərdə Riyaziyyat fənninin tədrisi problemləri, müxtəlif mövzuların tədrisində tətbiq edilən yeni yanaşmalar, müasir təlim texnologiyaları, şagirdlərin məntiqi təfəkkürünü, mühakimə qabiliyyətini inkişaf etdirməyin üsulları və digər məsələlər barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.