Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi Bakı Dövlət Universitetində (BDU) olub.
Universitetdən bildirilib ki, BDU-nun rektoru Elçin Babayevlə səfirin görüşündə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Rektor Azərbaycan və Yaponiya arasında dostluq əlaqələrindən, BDU, xüsusilə də şərqşünaslıq fakültəsi ilə səfirlik arasında olan əməkdaşlıq münasibətlərindən danışıb, Yaponiyanın elm və təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin qurulması, birgə elmi-tədqiqat işlərinin aparılması, ikili diplom proqramları, tələbə mübadiləsi və s. istiqamətlərdə əməkdaşlığın qurulması, mövcud əlaqələrin inkişaf etdirilməsi vacibliyini vurğulayıb.
Səfir Vada Cuniçi BDU ilə Yaponiya səfirliyi və ölkəsinin universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsi və s. sahədə əməkdaşlığa xüsusi diqqət göstərdiklərini qeyd edib. BDU-da yapon dili və mədəniyyətinin tədris olunmasından məmnunluğunu bildirib. Qeyd edib ki, 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü geniş qeyd olunacaq, bu tədbirlər çərçivəsində yapon dili və mədəniyyətinin tədris olunduğu BDU-da bir sıra tədbirlərin, birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Sonra BDU-nun Elmi Kitabxanasında Yaponiya Nippon Fondunun hədiyyə etdiyi yapon dili, ədəbiyyatı, mədəniyyəti, tarixi, elmi, iqtisadiyyatından bəhs olunan 69 adda kitabların təqdimat mərasimi keçirilib.