Tanınmış siyasi analitik Arye Quta Azərbaycan Dillər Universitetinin (ADU) Fəxri professoru adı verilib. Bu barədə ADU-nun Elmi Şurasının növbəti onlayn iclasında qərar qəbul olunub.
Universitetin rektoru, akademik Kamal Abdulla bildirib ki, Arye Qut xaricdə təşkil olunan ən mötəbər tədbirlərdə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır, ən nüfuzlu media orqanlarında dəyərli məqalələrlə çıxış edir. O, ABŞ-da, Avropa və Yaxın Şərq ölkələrində təşkil olunan ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycan reallıqları haqqında çıxış edərək bu istiqamətdə çox vacib işlər görür.
Qeyd edək ki, Arye Qut 1975-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər fakültəsini bitirərək, gənc yaşlarında BDU-da müəllim kimi fəaliyyət göstərib. O, Azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır.
Uzun illərdir Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının, İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin tədbirlərində, ustad dərslərində, dəyirmi masa və müxtəlif görüşlərdə yaxından iştirak edir.
2000-ci ildən İsrailə köçən Arye Qut, İsrail-Azərbaycan münasibətlərinin inkişafında, İsraildə Azərbaycan diasporunun fəaliyyətində daim fəal iştirak edib.
2016-cı ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir
Hal-hazırda İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısıdır.