Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində “Turizm müəssisələrində insan resurslarının idarə edilməsi” mövzusunda seminar keçirilib.

 

MDU-nun gənc akademik heyət üzvləri və magistrantları üçün nəzərdə tutulan seminarda çıxış edən AHBVU turizm fakültəsinin dosenti Hakan Koç əlavə dəyərin yaradılması və məhsuldarlığın artırılmasında mühüm rol oynayan işçi qüvvəsinin keyfiyyətindən, münasibət və davranışlarından, aqrar, sənaye və bilik cəmiyyətlərində insan faktoruna fərqli yanaşmalardan, sənaye inqilabı, ixtisaslaşma, texnoloji inkişaf və rəqabətin insan resurslarının idarə olunmasına təsirlərindən bəhs edib.

 

İnsan resurslarının idarə edilməsinin müxtəlif aspektlərini diqqətə çatdıran məruzəçi liderlik, motivasiya, işçi məmnuniyyəti, korporativ mədəniyyət və öhdəliklər, iş stresi, psixoloji zorakılıq və tükənmişlik sindromu haqqında ətraflı məlumat verib.

 

İşçi seçiminin düzgün həyata keçirilməsinin əhəmiyyətini vurğulayan H.Koç  insanların bilik və bacarıqlarının, xarakterinin müəyyən edilməsi üçün praktikada geniş tətbiq olunan zəka, qabiliyyət, bilik və şəxsiyyət testləri barədə fikirlərini bölüşüb.

 

Müasir tələblərə uyğun kadrların təmin olunması, onların təhsili və potensiallarının inkişaf etdirilməsi strategiyalarını əhatə edən insan resurslarının planlaşdırılmasından söhbət açan məruzəçi təşkilatda işçi qüvvəsi ilə bağlı cari vəziyyətin təhlili, tələb və təklifin müqayisəsi, müvafiq fəaliyyət planının hazırlanması və tətbiqi, nəzarət və qiymətləndirmənin həyata keçirilməsi məsələlərindən də danışıb.

 

Sonda məruzə ətrafında geniş müzakirə aparılıb və verilən suallar  cavablandırılıb.