Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.
Universitetdən bildirilib ki, bu semestr ümumilikdə 8550 bakalavr, 1000 nəfər isə magistr pilləsində təhsil alan tələbə imtahan verəcək.
Bakalavr səviyyəsində əyani təhsil alan 1-3-cü kurs tələbələri, qiyabi təhsil alan 1-4-cü kurs tələbələri, magistr səviyyəsində (II kurs magistrantlar dissertasiya müdafiə edəcəklər) təhsil alan 1-ci kurs tələbələri imtahanlarda iştirak edəcəklər. Həmçinin, sonuncu kurs bakalavrlar üçün dövlət imtahanı olacaq.
Bakalavr səviyyəsində 28 ixtisas, magistr səviyyəsində isə 60 ixtisaslaşma üzrə imtahanlar keçiriləcək.
Qeyd edilib ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər görülüb.
Yaz semestrinin imtahan sessiyası iyulun 2-ə kimi davam edəcək.