Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
Rektor Vilayət Vəliyev ötən həftə Türkiyənin Qazi Universiteti ilə imzalanan ikili diplom proqramına dair müqavilənin detalları barədə və may ayında Ukraynaya etdiyi işgüzar səfər, bu ölkənin aparıcı ali təhsil müəssisələri ilə imzalanan müqavilələr haqqında məlumat verib. Qeyd edib ki, müqavilələrə əsasən, AzTU-da Qazi Universitetinin və Ukrayna ali təhsil müəssisələrinin təcrübələrindən istifadə olunacaq.
İclasda 2020-2021-ci il yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı məlumat, həmçinin xüsusi texnika və texnologiya fakültəsinin fəaliyyəti haqqında hesabat dinlənilib. Bundan başqa, Vətən müharibəsində iştirak edən tələbələrə yekun dövlət attestasiyasında güzəşt edilməsi ilə bağlı qərar da yekdilliklə qəbul olunub.
Bundan başqa, AzTU-nun da tərəfdaş olduğu Erasmus+KA2 proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində universitetdə İnnovativ Texnologiyalar Mərkəzinin yaradılması qərara alınıb.
Qeyd olunub ki, UniClaD layihəsi 2020-2023-cü illəri əhatə edir. Məqsəd 9 ölkənin partnyor universitetlərinin Avropanın klaster təcrübəsini öyrənməsi, eyni zamanda universitet-sənaye işbirliyinin gücləndirilməsidir.