Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsində memarlıq və robototexnika üzrə sərgi keçirilib.
Universitetin rektoru Elbrus İsayev fakültədə keçirilən bu cür sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib, yeni yaradılan Robototexnika kabinəsinin uğurlu fəaliyyətindən danışıb. Bildirib ki, tələbələrin nəzəri biliklərinin praktiki olaraq həyata keçirilməsini nəzərdə tutan kabinə zəruri avadanlıqlarla təhciz olunub; fakültədə Qeyri- səlis məntiq nəzəriyyəsi, Süni intellekt, Nanotexnologiya, Robototexnika, Mexatronika və Robototexnika kimi yeni seçmə fənlər tədris olunacaq.
Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov bildirib ki, tələbələr Robototexnika kabinəsində sxemotexnika və kodlaşdırma ilə də məşğul olurlar. Burada tələbələr özlərinin sərbəst işlərini, kurs işi, eləcə də layihələrini yerinə yetirmək üçün bilik və bacarıqlarını nümayiş etdirirlər.
Vurğulanıb ki, tələbələrin startap layihələrini yerinə yetirmək üçün burada hər cür şərait yaradılıb. Təyin olunmuş layihələr əsasında tələbələrə proqramlaşdırma və elektronika üzrə kurslar təşkil olunur. Sonda isə tələbələr qazandığı bilik və bacarıqlar sayəsində müxtəlif robotik sistemlər hazırlaya biləcəklər ki, bu da gələcəkdə elm və texnikanın müxtəlif sahələrinə öz töhfəsini verəcək.
Sonra müəllim və tələbələrin birgə ərsəyə gətirdikləri 15 eskiz, 20 memarlıq layihəsi, 20 xalçaçılıq ornomentlərinə dair əl işlərinin təqdim edildiyi sərgiyə baxış olub.
İnsan boyunu ölçmək üçün ağıllı ölçü cihazı, səs vasitəsilə idarə olunan ev, sensor vasitəsilə ürək döyüntüsünü ölçən cihaz, telefonla idarə olunan maşın, kart vasitəsilə idarə olunan şlaqbaum, sensorlu su kranı, sensorla idarə olunan təmizlik qutusu, şirə aparatı, ağıllı şkaf və. s əl işləri də sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.