Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının təşəbbüsü ilə Almaniyanın WILO  SE şirkəti tərəfindən hədiyyə edilmiş WILO elmi-tədqiqat laboratoriyasının açılış mərasimi olub. 

 

Kafedranın müdiri Nurməmməd Məmmədov yeni yaradılmış laboratoriya barədə ətraflı məlumat verərək bildirib ki, dünyanın 5 ən böyük su nasosları istehsalçılarından olan WILO  SE şirkəti bu gün bina texnikası, su idarəçiliyi və sənaye sektorunun premium təchizatçısıdır. O, şirkətin AzMİU-ya hədiyyə etdiyi laboratoriyada quraşdırılmış, Çelyabinskdən gətirilmiş stend barədə də məlumat verib, geniş texniki imkanlara malik olan yeni laboratoriyanın həm tədqiqat işlərində, həm də tədris prosesində  kafedranın əməkdaşlarına, tələbələrə böyük dəstək olacağına əminliyini vurğulayıb.

 

Şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Çingiz Əhmədov təmsil etdiyi şirkətin 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, əlaqələrin daha da möhkəmlənməsi üçün gələcəkdə birgə seminar və treninqlərin keçirilməsini, tələbələrə sertifikatların verilməsini təklif edib. 

          

Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann laboratoriyanın açılmasını alqışlayıb, universitetin istehsalatla, şirkətlərlə əlaqələrinin qurulmasının, işgüzar əməkdaşlığın yaranmasının vacib olduğunu vurğulayıb.  

          

Mərasimdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova müasir laboratoriyanın yaradılmasını universitetin maddi-texniki bazasının gücləndirilməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirib. Universitetin, eləcə də Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının istehsalatla geniş əlaqələrinin olduğunu, bu əlaqələrin tədris prosesinə, kadr hazırlığına müsbət təsir göstərdiyini bildirib.