Bakı Modern Təhsil Kompleksi kitabxanasının təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini öz əsərləri ilə zənginləşdirən görkəmli şair, ədib, pedaqoq, tərcüməçi Abdulla Şaiqin 140 illiyinə həsr edilən “Bas bağrına bu Şaiqi möhkəm, Vətən!” adlı onlayn tədbir keçirilib.
Təhsil Kompeksinin baş direktoru Mina Əliyeva uşaq dünyasına yaxından bələd olan şairin orta məktəb dərsliklərinə salınan, məktəblilərin zövqünü oxşayan əsərlərindən, onun təbiət gözəlliklərinə həsr olunan şeirlərindən bəhs edib. Müəllimlər - Kamilə Yəhyayeva, Sahilə Mirzəyeva, Afət Musayeva, Leyla Ələkbərova və Könül Mahmudova da görkəmli ədib haqqında maraqlı fikirlər səsləndiriblər.
Tədbirdə 3, 4 və 7-ci sinif şagirdləri Azərbaycan, rus, eləcə də ingilis dillərində şeirlər söyləyiblər.
Şairin nəvəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin mənzil muzeyinin direktoru Ülkər Talıbzadə və muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyevanın iştirak etdiyi tədbirdə Abdulla Şaiqə həsr edilmiş videoçarx da nümayiş olunub.
Sonda kitabxananın rəhbəri Ziba Şahbazova şagirdlərin mütaliəyə marağını artırmağa xidmət edən bu tipli görüşlərin davamlı keçirilməsinin vacibliyini bildirib.
Sifai SƏFƏROVA