Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov  iqtisadiyyat və idarəetmə, pedaqoji və mühəndislik fakültələrinin professor-müəllim və inzibati-texniki heyət üzvləri ilə silsilə görüşlər keçirib.

 

Fakültələr üzrə ayrıca olaraq professor-müəllim heyəti ilə müvafiq görüşlərin keçirilməsinin müsbət ənənəyə çevrildiyini vurğulayan Ş.Bayramov universitetdə mövcud vəziyyətin qiymətləndirilməsi və 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq səviyyəsinin daha da yüksəldilməsi baxımından bu formatda müzakirələrin əhəmiyyətini diqqətə çatdırıb.

 

İmtahan sessiyasının artıq üçüncü dəfə məsafədən təşkil edildiyini bildirən rektor MDU-nun bu sahədə topladığı təcrübədən bəhs edib, ilk dövrlərdə mövcud olan texniki çətinliklərin aradan qaldırıldığını qeyd edib.

 

İmtahan sessiyasının təşkili və keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları haqqında ətraflı məlumat verən Ş.Bayramov obyektivlik və şəffaflığın təmin edilməsinin başlıca prinsiplərdən olduğunu xatırladıb.

 

Mövcud reallıqları nəzərə alaraq, bütün tələbələrə, xüsusilə də birinci kurs tələbələrinə həssas yanaşmanın vacibliyini vurğulayan rektor imtahan prosesi barədə müvafiq tövsiyə və tapşırıqlarını verib.

 

Rektor  Ş.Bayramov adıçəkilən fakültələrin tələbələri ilə də görüşüb.

 

İmtahan sessiyası ərəfəsində tələbələrlə keçirilən ənənəvi görüşlərin əhəmiyyətindən danışan rektor hazırda universitet rəhbərliyi ilə təhsilalanlar arasında çevik kommunikasiyanın qurulması üçün bütün mümkün onlayn resurslardan və alətlərdən istifadə edildiyini diqqətə çatdırıb.

 

Cari yaz semestrində imtahanların təşkili və keçirilməsi qaydaları haqqında ətraflı məlumat verən Ş.Bayramov tədrisin məsafədən təşkili, elektron tədris resursları ilə təminat, imtahanlara hazırlıq və digər məsələlərdə tələbələr üçün yaradılan müvafiq imkanlardan bəhs edib.

 

Biliyin qiymətləndirilməsinin obyektiv, şəffaf və xüsusi həssaslıqla həyata keçiriləcəyini vurğulayan rektor tələbələri imtahanlara ciddi hazırlaşmağa, yüksək nəticələri ilə müəllimlərini və valideynlərini sevindirməyə çağırıb.