Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı ali məktəbin tələbəsi, Avropa çempionatının qızıl medalını qazanmış idmançı Vəli İsrafilovla görüşüb.
Paralimpiyaçı çempion V.İsrafilov ötən ayın 19-da Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının qızıl medalına sahib olub. O, 100 metr məsafəyə brass üsulunda üzgüçülük yarışlarında 1 dəqiqə 4 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyub. Beləliklə, Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Görüş zamanı rektor M.Babanlı idmanda qazandığı uğurlara görə V. İsrafilovu təbrik edib. Təkcə elmdə, təhsildə yox, hər bir sahədə uğur qazanan gənclərin yanında olduqlarını, onları dəstəklədiklərini bildirən rektor gənc paralimpiyaçı çempiona hədiyyə təqdim edib.
Tələbə idmançı isə qarşıdakı hədəfə çatmaqda bu görüşün onun üçün xüsusi motivasiya olduğunu söyləyib.
Qeyd edək ki, V.İsrafilov Uşaq Paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasına orada başlayıb. İndiyə qədər bir neçə beynəlxalq və yerli idman yarışlarının qalibi və iştirakçısı da olub.