Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ATU-nun Tələbə Gənclər Təşkilatının (ATU TGT) birgə təşkilatçılığı ilə "Rezidenturaya birlikdə hazırlaşaq" layihəsinin açılışı olub.

  

ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov layihənin artıq 2-ci ildir ki, təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, pandemiya dövründə rezidentura imtahanına hazırlaşan tələbələrə bu işdə dəstək olmaq çox vacibdir, bu baxımdan layihənin əhəmiyyəti böyükdür: “Ötən il təşkil olunan layihədən iki mindən çox tələbə və məzunumuz yararlanıb, vebinarlar sosial şəbəkələrdə iyirmi mindən çox şəxs tərəfindən izlənilib. Bu, olduqca önəmli nəticədir. Onu göstərir ki, tələbələr tərəfindən layihəyə çox böyük maraq var və məhz bu səbəbdən eyni adlı layihə bu il də təkrar baş tutacaq”.

 

ATGTİ-nin sədri Pərviz Mirələmli  ATU TGT-nin təşəbbüsü ilə keçirilən layihənin davamlı olması, bu il yenidən təşkil edilməsinin ona ciddi təlabatdan irəli gəldiyini bildirib.

 

ATU TGT sədri Rauf Vəliyev qeyd edib ki, ötən il olduğu kimi, bu il də tələbələr müvafiq qeydiyyat prosesindən keçərək layihəyə qoşulmaq imkanı qazanacaqlar: “Vebinarlar Zoom tətbiqi üzərindən baş tutacaq və təşkilatın feysbuk səhifəsində canlı yayımlanacaq. Tələbələrimizi layihədə fəal iştiraka dəvət edirəm və imtahanda hər birinə uğurlar arzulayıram”.

 

Qeyd edək ki, layihə ilk dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirilib.

 

İki ay ərzində müvafiq fənlər üzrə ekspert-müəllimlərin iştirakı ilə vebinarlar təşkil olunub. Ötən il layihə ilə bağlı müsbət fikirlər, tələbə və rezidentlərin yüksək səviyyədə razılığı nəzərə alınaraq, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin tapşırığı ilə layihənin bu il də davam etdirilməsinə qərar verilib.

 

Bu tədris ilində müvafiq vebinarların may-iyun aylarında keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində iştirakçılar ekspertlər tərəfindən izah olunan mövzuları dinləyə və onlara suallarını ünvanlaya biləcəklər.