Universitetin iki komandası I və II yerləri tutub
İyunun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən “ActInSpace” beynəlxalq müsabiqəsində qalib gələrək Fransanın Tuluza şəhərində keçiriləcək beynəlxalq final mərhələsində iştirak hüququ qazanmış tələbələrlə görüşüb.
Tələbələri qələbə münasibətilə təbrik edən rektor Mustafa Babanlı bu uğurun Fransada da davam edəcəyinə inandığını bildirib. Gənclərin ADNSU və UFAZ-ı beynəlxalq final mərhələsində layiqincə təmsil edəcəklərinə şübhə etmədiyini deyən rektor onlara öz tövsiyələrini verib.
UFAZ-ın icraçı direktou, dosent Vazeh Əsgərov və baş katibi Şarlotta Payen tələbələrə uğurlar arzulayıb, onlara göstərilən ümidləri doğruldacaqlarına inandıqlarını bildiriblər.
Qeyd edək ki, UFAZ 25 və 26 may tarixlərində CNES, ESA və ESA BIC Sud France təşkilatlarının birbaşa iştirakı ilə kosmik proqramlara həsr edilmiş beynəlxalq nüfuza malik olan “ActInSpace” beynəlxalq müsabiqəsinə ev sahibliyi edib. UFAZ-ın “Sooners” komandası Azərbaycan üzrə birinci yerin, “Tensor Science” komandası isə ikinci yerin sahibi olub. Qalib komanda yarışmanın bu gün Tuluzada keçirilən beynəlxalq final mərhələsində ölkəmizi təmsil edir.