Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi münasibətilə ADPU, Şəki Filialı və Mingəçevir Dövlət Universiteti (MDU) arasında “Ali məktəblərdə xarici dillərin öyrədilməsi” mövzusunda universitetlərarası onlayn elmi-praktik seminar keçirilib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bu il ölkənin yeganə ixtisaslaşmış ali pedaqoji təhsil müəssisəsinin 100, Şəki Filialının isə 30 illik yubileyi olduğunu vurğulayıb. O, tədbirə və göstərilən diqqətə görə MDU rəhbərliyinə təşəkkürünü bildirib.

 

MDU-nun rektoru, iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramov qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Vurğulayıb ki,  ADPU ölkənin ən qabaqcıl, bir çox ali təhsil müəssisələrinə örnək olan elm-təhsil məbədidir.

 

ADPU-nun Şəki Filialının direktoru, dosent Rafiq Rəsulov filialın ötən əsrin 90-cı illərindən bəri bölgədə ali təhsilin təşəkkülündə önəmli rol oynadığını diqqətə çatdırıb.

 

Sonra hər iki ali məktəbin alimlərinin çıxışları dinlənilib.

 

Seminarın bədii hissəsində isə MDU və ADPU-nun tələbələri  Azərbaycan və dünya ədəbi irsinə aid şeir nümunələrini Azərbaycan, rus, ingilis, fransız, alman dillərində səsləndiriblər.

 

Tədbirdə, həmçinin ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və Şəki Filialının, eləcə də MDU-nun 200-dək müəllim və tələbələri iştirak ediblər.