Sumqayıt Dövlət Universitetində (SDU) Elektrotexnika və energetika, Bərk cisim və yarımkeçiricilər fizikası kafedralarının “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” ASC nəzdində filiallarının yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqaviləyə SDU-nun rektoru, professor Elxan Hüseynov və “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin direktoru Xəndan Əhmədov imza atıb.

 

Rektor E.Hüseynov qarşılıqlı əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. Bildirib ki,  dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf seçən SDU bir çox layihələrə imza ataraq, əlaqələrini yüksək səviyyəyə çatdırıb; dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq müqavilələri imzalayıb.  Qeyd edib ki, universitetdə tədrisin keyfiyyəti baxımından, həm də auditoriya və laboratoriyaların müasir standartlara uyğunlaşdırılması ilə bağlı müvafiq işlər görülüb, II tədris binasının həyətində açıq səma altında elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya Tədris poliqonu yaradılıb.

 

E.Hüseynov vurğulayıb ki, SDU-nun fizika və elektroenergetika fakültəsinin qeyd olunan iki kafedrasının filiallarının açılması qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcək, tələbələr həmin müəssisələrdə təcrübə keçəcək, gələcəyin ixtisaslı kadrları kimi formalaşacaqlar.

 

“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin direktoru Xəndan Əhmədov görüşün əhəmiyyətindən, qarşılıqlı maraq doğuran məsələlərdən,  imzalanan əməkdaşlıq müqaviləsinin təhsilin inkişafına verəcəyi töhfələrdən bəhs edib. Bildirib ki, əməkdaşlıq müqaviləsi gələcəkdə aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq.

 

Sonra nümayəndə heyəti elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya Tədris poliqonu ilə tanış olub.