Fərid Məmmədov: “Sevinirəm ki, bu zəfərdə bizim də payımız var”


Haqq savaşında, Vətən müharibəsində qələbələr qansız-qadasız, itkisiz qazanılmır. Hər yeni mübarizə yeni qəhrəmanları üzə çıxarır. Vətən müharibəsinin başlanması ilə əli silah tutan hər kəs döyüşə getmək üçün  növbəsini gözlədi.  İkinci Qarabağ müharibəsi başlayandan sonra həmkarları kimi o da torpaqlarımızın düşmən tapdağı altında qalmağına dözmədi. Döyüşlərə yollandı... Söhbət Xırdalan şəhər  2 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq müəllimi, müharibə iştirakçısı  Fərid Məmmədovdan  gedir.  Qəzetimizin  “Qarabağ gündəliyi” rubrikasının qonağı olan  Fərid müəllimlə igidlərimizin  dastanlara sığmayan  qəhrəmanlıqlarından və  sinifdən səngərə uzanan yoldan danışdıq.

 

- Fərid müəllim, sinif otağını səngərə dəyişməklə şərəfli müəllimlik peşəsində ən uca zirvəyə yüksəldiniz. İstərdik bu barədə danışasınız.

- Müharibə başlayandan sonra  sentyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidməti tərəfindən ordu sıralarına çağırıldım. İlk vaxtlarda mənim işim bir zamanlar dərs dediyim  şagirdləri və onlar yaşda olan çağırışçıları hərbi hissələrə çatdırmaqdan ibarət idi. Sonradan öz xahişimlə  ordu sıralarına, ən qızğın döyüşlər  olan  yerlərə getdim. Nədənsə içimdəki hisslər mənə imkan vermədi ki, şagirdlərimi döyüşlərdə tək buraxam.  Fikirləşdim ki,  bu məqamda onların yanında olmalıyam.   Qubadlı və Laçın istiqamətində döyüşlərə qatıldım. Həmişə ürəyimdə bir hiss var idi ki, Azərbaycan nə vaxtsa torpaqlarını işğaldan azad edəcək. Ona görə də bir gün Azərbaycan Ordusunun hərəkətə keçəcəyini gözləyirdim. Bilirdim ki, o gün gələcək və Azərbaycanın üçrəngli bayrağı Qarabağda dalğalanacaq. Şükürlər olsun ki, bu arzumuza çatdıq...

 

- Döyüş yolunuzu necə xatırlayırsınız və cəbhəyə gedərkən nələr düşünürdünüz?

- Cəbhəyə gedərkən ancaq bunu fikirləşirdim ki,  gedib döyüşməliyəm və torpaqlarımız azad olunmalıdır. Onlar xoşluqla torpaqlarımızı geri qaytarmayacaqlar. Bir yol var idi: o da müharibə. Biz addım-addım ona doğru gedirdik. Dövlətin, ordunun hər cəhətdən gücləndirilməsi qələbəmizi daha da yaxınlaşdırırdı. Səbr etdik, həmin gün gəlib çatdı. Getdik döyüşdük, torpaqlarımızı azad etdik. Müharibə elə bir məfhumdur ki, orada gördüklərimizi, yaşadıqlarımızı sözlə ifadə etmək həqiqətən çox çətindir. O dəhşəti yaşamaq, odun-alovun içindən keçmək  çətin və olduqca şərəfli bir yoldur.  Çiyin-çiyinə səngərdə dayandığın döyüş yoldaşının gözlərinin qarşısında Şəhid olması çox ağır mənzərədir.  Yaralı əsgər yoldaşını döyüş zonasından çıxarmaq, səngərə gətirmək, onun yaşamağına kömək etmək insana böyük rahatlıq verir. Oradaki bütün əsgərlər bir-birlərinə dəstək idilər. Əsgərlərimizin, ordumuzun nə qədər cəsur olduğunun bir daha şahidi oldum. Böyük zəfəri, qələbəni qazanmağımızda ordumuzla yanaşı, xalqımızın da dəstəyi inanılmaz dərəcədə oldu. İnsanlarımız cəbhəyə əlindən gələn dəstəyi əsirgəmirdi.  Respublikanın bütün bölgələrindən bizi ruhlandıracaq məktublar alırdıq.  Onların hamısını yığıb saxlamışıq. Onları əsgərlərə göstərəndə görürdüm ki, bu, hərbçilərə  nə qədər ruh yüksəkliyi verir. 44 günlük Vətən müharibəsi bizim birliyimizin simvolu oldu. Ordu, xalq, dövlət birlik nümayiş etdirdi. Böyük zəfəri qazandıq. Sevinirəm ki, bu zəfərdə bizim də payımız var.

 

- Yəqin ki, döyüşlərlə bağlı xatirələriniz çoxdur...

- Döyüşlərlə bağlı o qədər danışılası xatirə var ki... Vətən, torpaqlarımızın azad olunması uğrunda 44 günlük müharibənin hər günü elə bir  xatirədi. Və bu xatirələr ömür boyu bizlərin yaddaşından silinməyəcək. Ancaq bir amal var idi ki, torpaqlarımız düşmən tapdağından azad olunmalı, ərazi bütövlüyümüz  təmin  edilməlidir. Xüsusilə qeyd etməliyəm ki, hərbçilərin mənəvi, psixoloji hazırlığı, döyüş  və vətənpərvərlik ruhunun yüksəkliyi bizə bu qələbəni yaşatdı. Müharibə  vaxtı  şəxsi heyətlə iş zamanı da müşahidə edib gördüm ki, əsgərlərin hamısında yüksək mənəvi-psixoloji hazırlıq var. Hamı bir amal uğrunda birləşmişdi. Orada elə bir əsgər yox idi ki, nədənsə qorxsun, çəkinsin.   Heç kəsin gözündə qorxu, narahatçılıq görmədim. Ordumuzun Ali Baş Komandana olan inamı yenilməz idi. Prezidentimizin çıxışlarını mən radio vasitəsi ilə əsgərlərə dinlədirdim. Baxırdım ki, bu, onlara necə gözəl, müsbət təsir edir. Ali Baş Komandanın çıxışı hərbçilərin döyüş, vətənpərvərlik ruhunu daha da artırırdı.

 

- Bir qarış torpağını yağıda qoymayan qalib ordunun səngərdə dayanan əsgərlərinə ürək sözünüz...

- Bu gün düşməndən azad etdiyimiz torpaqlarımızda səngərlərdə olan əsgərlərimizə demək istərdim ki,  sizin silah tutan əlləriniz xalqımızın birliyindən güc alır.  Birlikdə döyüşdüyüm əsgərlərə demək istərdim ki, sizi heç zaman unutmayacağam. Siz mənim həyatıma 44 gün apardığımız Vətən müharibəsində əbədi dostlarım kimi həkk olundunuz. Təbii ki, müharibədə siz mənim, mən də sizin kimi qeyrətli dostlar qazandıq. Ən böyük qazancımız isə geri aldığımız Vətən torpağımız oldu.  Mənim üçün heç vaxt unutmayacağım anlar çox oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Xidmət etdiyim bölükdən şəhidlərimiz oldu. Şəhidlərimizi heç vaxt unuda bilmərəm. O anları unutmaq mümkün deyil. Uzun illər öncə məhz bu torpaqlarda qanları tökülən oğullarımızın qisası alındı. Düşmənin üzərinə hücum edib, mövqelərini ələ keçirəndə, onlara yaxınlaşanda silahlarını yerə atıb qaçmaqlarını görmək böyük bir hadisə idi. Bunları heç vaxt unuda  bilmərəm. Həmin məqamda qürurla bu torpaq bizimdir deyirdik. Biz öz torpağımızda vuruşurduq. Düşmən bilirdi ki, bu torpaq onların deyil. Buna görə də silah-sursatlarını qoyub qaçırdılar. Cənab Prezidentin dediyi kimi, onların öz səngərlərini, silahlarını özlərinə qarşı istifadə edirdik.

 

- Şagirdlərlə çiyin-çiyinə döyüşən bir müəllim kimi işlədiyiniz bu təhsil ocağının Vətən müharibəsində şəhid olan üç məzunu  yaddaşınızda necə qalıb?

- Bəli,  şagirdlərimlə eyni cəbhədə vuruşmuşam. Dəfələrlə çətin məqamlara düşmüşük. 10 şagirdimlə eyni cəbhədə olmuşam. Mən fevralın 2-də tərxis olundum. Bizim məktəbin üç məzunu Zaur Dövlətov,  Fərid Məmmədov və  Asif Ataşov Vətən müharibəsində son damla qanına kimi qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. Mən bir müəllim kimi onlarla fəxr edirəm. Onların hər biri vətənini canından çox sevən qeyrətli gənclər  idi. Həmişə məktəbin təəssübünü  çəkən, haqqın yanında olan şagirdlər kimi yaddaşımda qalıb. Məktəbimizin hər bir üzvü onların qəhrəmanlığı və igidlikləri barədə danışır. Dəhlizdə onların xatirəsinə yaradılan guşənin yanından keçəndə düşünürəm ki,  ruhları  şaddır. Çünki uğrunda canlarından keçdikləri vətən torpağı artıq işğalçılardan azad olunub. 

 

Sonda  Şuşada - Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının keçirilməsi münasibəti ilə xalqımızı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi təbrik edirəm.

 

Rəşad ZİYADOV