Qazi müəllim Zahid Masıyev Vətən müharibəsindən 4 medalla qayıdıb


Zahid Masıyev Yardımlı rayonu Gavran kənd tam orta məktəbində fizika müəllimidir. Bu vəzifəyə 2017-ci il müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə uyğun olaraq təyin olunub. Əslən Ərdəbildəndir. Ulu babaları hələ XVII əsrdə Arazı keçərək bu tayda məskunlaşıblar. “Vətənin hər qarışı doğmadır, əvəzedilməzdir, vazkeçilməzdir”, - deyir. Hər qarışdan ötrü ölməyə də, öldürməyə də hazırdır Zahid müəllim. Bu məqsədlə hələ 2020-ci ilin yayında minlərlə həmvətənlisi kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Ötən ilin sentyabrında hərbi təlimlərə cəlb edilib: “Sentyabrın 21-də təlimlərə başladıq. Təlimlər zamanı müharibə başlayacağını bilmirdik. Buna baxmayaraq, hər birimiz savaşa hazır idik. 2020-ci ilin iyul ayında müraciət edəndə də, həmin ilin sentyabrında təlimlərə başlayanda da bir məqsədimiz vardı. Mən hara, niyə getdiyimi bilirdim. Bu amal uğrunda hər nəticəni gözə almışdım və heç narahat da deyildim. Torpaqlarımızı geri almaq üçün savaşmağa da, ölməyə də hazırıydıq. Başqa cür ola da bilməz. Torpaq, Vətən namus məsələsidir”.

 

Hərbi xidmətdən “Tərifnamə” ilə qayıdıb

 

İkinci Vətən müharbəsi iştirakçısı, fizika müəllimi Zahid Masıyev1991-ci ilin   avqust ayında doğulub. Gavran kənd tam orta məktəbində əlinə qələm alıb, kitabı tanıyıb. Sonra sənədlərini hazırlayaraq ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edib. 2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetində fizika müəllimliyi ixtisası üzrə təhsil alıb. Ali məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Murovdağda layiqincə xidmət edib. Hərbi xidmət dövründə saysız-hesabsız “Tərifnamə” ilə təltif edilib.

 

Yetişməkdə olan nəslə hərbi xidmətə hazırlıqda bələdçilik edib

 

Vətənin sərhədlərində vəzifəsi tamamlanan kimi başqa bir səngərdə - məktəbdə yeni missiyasına başlayıb. 2014-cü ildən doğulduğu kənd tam orta məktəbində  gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər işləyib. Yetişməkdə olan nəslə hərbi xidmətə hazırlıqda bələdçilik etməyə başlayıb: “Mən hərbi xidmətdən qayıdanda məktəbimizdə ixtisasım üzrə vakansiya yox idi. Müəllimliyə başlamaq üçün çox həvəsliydim. Bir gün də olsun gecikmək istəmirdim. Üstəlik, hərbi bacarığım və marağım da vardı. Odur ki, 3 il kəndimizin uşaqlarına hərbi bacarıqlar aşıladım. Hərbi hazırlıq çox önəmlidir. Hərbi xidmət dövründə də, müharibədə də bunu anladım. Ona görə də düşünürəm ki, bu istiqamətdə məktəblərin üzərinə çox böyük iş düşür. Məktəbimizdə nəyə daha çox diqqət yetirməli olduğumuzu bilirəm”.

 

2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılan Zahid  Masıyev məktəblərində yaranan vakansiyaya yiyələnib və fizika müəllimi kimi işini davam etdirib. 2019-cu ildən vəzifə pilləsində yüksəlib, hazırda məktəbin fizika müəllimi və direktor müavinidir.

 

Vətən müharibəsinin könüllüsü olub

 

Vətən müharibəsində yolu Füzuli uğrunda döyüşlərdən başlayıb. Müharibə dövründə ən ağır döyüşlər də məhz bu istiqamətdə olub: “Orda çox hadisələr gözümün qarşısında oldu. İki döyüşçü dostum gözümün qarşısında şəhid oldu. Nə qədər ağır olduğunu sözlə ifadə etmək mümkün deyil. Bir-iki günün tanışı olsaq da, bir-birimizə qısa müddətdə bağlanırdıq. Çünki ailədən uzaqda, ən çətin şəraitdə bir-birimizin dayağı olurduq. Son sözümüzü deyə biləcəyimiz insanlara çevrildik  bir neçə saatın içində. Müddətdən artıq qulluq edən əsgər Əli Cəfərli  və gizir İsgəndərovun şəhadətini indi də unuda bilmirəm. İsgəndərovun yenicə qızı dünyaya gəlmişdi. Hər gün onu görəcəyi günün həsrəti ilə yaşayırdı. O müharibəyə gələndən sonra doğulduğundan balasını hələ görməmişdi. Əliylə ikisi birgə şəhid oldular. Hücuma keçən bölüyü dəstəkləməliydik. Onlar hücum edərkən biz də düşməni artilleriya atəşinə tutub diqqətini yayındırmalıydıq. Olduğumuz ərazi çökəklik idi. Komandirin tapşırığına əsasən hər tərəfə paylandıq. Biz atəşə başlayanda düşmən mövqeyimizi öyrənəcək və atəşə tutacaqdı. Bir-birimizdən aralı dayanaraq daha az itki verəcəkdik. Amma Cəfərli ilə İsgəndərov topun yanından tərpənə bilməzdilər. Təbii ki, düşmən də məhz onların olduğu nöqtəni vururdu.Vurdular da. Minamyot İsgəndərovun düz üstünə düşmüşdü. Cəfərlinin isə ayaqları getmişdi. Ancaq döyüş uzandı, biz onların yanına ancaq döyüş bitəndən sonra gedə bildik. Cəfərli qanaxmadan keçinmişdi, İsgəndərovun isə...”.

 

İtki, üzüntü dolu xatirələri danışmaqla bitmir. Müharibədən keçən müddət o xatirələrin ağırlığını azaltmır, əksinə, insanları, onların xəyallarını, arzularını tikə-tikə edən artilleriya səsləri hələ də qulaqlarındadır. Nə yaxşı ki, onu hər dəfə bu xatirələrdən qələbə sevinci, milli həmrəylikdən doğan qürur hissi oyadır: “Çox ağır idi, ancaq həm də şərəfliydi. Ön cəbhədə döyüşərkən arxadan gələn dəstək bizi qürurlandırır, öz güvənimizi artırırdı. Dəstəyi, xalqımızın bizim üçün keçirdiyi həyəcanı hiss edirdik”.

 

Horadizdə yaralanıb, sağalandan sonra yenidən cəbhəyə qayıdıb

 

Beləcə, Azərbaycan müəllimi öz ordusunun tərkibində irəlilədikcə irəlilədi. Füzulidən Xocavəndə, ordan Hadruta, sonra Laçına istiqamətləndi. Oktyabrın 19-da yaralanaraq ayın  22-dək qısa bir ara verməli olsa da, hədəfindən uzaqlaşmadan döyüş yolunu uğurla başa vurdu: “Horadiz istiqamətində gedən döyüşlərdən birində yaralandım. Yaxınlığımıza düşən minamyotun dalğası məni yerə çırpdı. Zərbədən huşumu itirmişdim. Özümə gələndə tibb məntəqəsindəydim. 5 gün hospitalda müalicə alandan sonra yenidən ordu sıralarına qayıtdım”.

 

Müharibədən 4 medalla qayıdıb

 

O zərbə böyrəyini zədələyib. Zahid müəllim deyir artıq 3 kurs müalicə alıb, amma hələ böyrəyinin gücü tam bərpa olunmayıb. Buna baxmayaraq, həyat öz axarında davam edir. Müharibədən sağ-salamat qayıdıb. Özü də qələbə ilə. Qalib Ordunun döyüşçüsü, qazi müəllim kimi işinə davam edir. Müharibədən qayıdandan sonra evlənib. Dediyinə görə, çox xoşbəxtdir: “Sevinirəm ki, əziyyətimiz bada getmədi, şəhidlərimizin qanı yerdə qalmadı. Hər birinin qisasını aldıq. Millət olaraq hamımız bir olduq, həmrəy olduq. İstər arxada, istərsə də, öndə. Hər birimizin bir məqsədi vardı: “QARABAĞ AZƏRBAYCANDIR!” dedik, bunu düşmənə də söylətdik. Buna nail olana qədər savaşacaqdıq, son nəfəsə qədər savaşacaqdıq. Bunun üçün yola çıxmışdıq. Bizdə elə ruh vardı ki, qarşımızda heç bir qüvvə dayana bilməzdi. Düşmən bunu görürdü. Onlar zəif deyildilər. İllər boyu hazırlaşmışdılar. Elə müdafiə istehkamları qurmuşdular ki, onun asanlıqla yıxılmayacağına əmin idilər. Ancaq bizim içərimizdə böyüyən hiddətimizi, torpağımızı azad eləmək üçün ürəyimizdə bəslədiyimiz həsrətimizi hesaba qatmamışdılar. Ona görə ölümün bizə təsir etmədiyini görüb şoka düşürdülər. Vahimə basırdı ürəklərini. Dəhşətdən bərəlmiş gözlərini görmək isə bizə qürur verirdi. Çünki onları o hala məhz biz salmışdıq. Bir vətəndaş, bir müəllim olaraq çox xoşbəxtəm ki, tariximizin bu şanlı səhifələrinin yazılmasında mən də iştirak elədim. Bu tarixdə mənim də imzam oldu”.

 

Zahid Masıyev indi qəhrəman müəllimdir. O, Prezident İlham Əliyevin sərəncamları ilə “İkinci Vətən Müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Ruhiyyə DAŞSALAHLI