Paytaxtdakı təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 illiyi ilə əlaqədar onlayn və ənənəvi tədbirlər keçirilib.
Tədbirlərdə 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin qısa fəaliyyəti dövründə gördüyü misilsiz işlərdən söhbət açılıb, əldə edilən uğurlar, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verilib.
Tədbirlərdə müstəqil dövlətçiliyimizin inkişaf mərhələlərindən söhbət açılıb, ulu öndər Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda daxili ictimai-siyasi sabitliyin möhkəmləndiyi və ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi nəzərə çatdırılıb.
Şagirdlər müstəqilliyə və vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.
Bundan əlavə, tədbirlərdə AXC-nin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər göstərilib. Həmçinin fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.