Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin Yaradılması” (EQAC) layihəsinin yekun monitorinq görüşü keçirilib.

 

Onlayn görüşdə Azərbaycan Texnologiya Universitetinin (UTECA) tədris işləri üzrə prorektoru Vüqar İsmayılov, Keyfiyyət təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev və əməkdaşı Jalə Həmzəyeva, Elm və Xarici Əlaqələr Mərkəzinin əməkdaşı İlahə Qurbanova, avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı Azər Huseyn, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev, Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Hacıyev iştirak ediblər. İştirakçılar layihə çərçivəsində 3 il müddətində görülmüş işlərlə bağlı xarici ekspert Luiz Gomezin suallarını cavablandırıblar.

 

Qeyd edək ki, 5 Avropa, 11 Azərbaycan universitetinin iştirak etdiyi bu layihənin əsas məqsədi ölkəmizdə təhsilin keyfiyyətinin artırılması və ESG standardlarına cavab verməsi, təhsilin Avropa Təhsil mühitinə inteqrasiyası üçün partnyor universitetlərdə Keyfiyyət Təminatı mərkəzlərinin qurulmasıdır. Belə ki, layihə tələbə yönümlü təhsil proqramlarının yeni standartlara uyğun yazılması, tələbə mərkəzli təlim, tədris və qiymətləndirmə, professor-müəllim heyətinin illik fəaliyyətinin reytinq qiymətləndirilməsi və stimullaşdırılması kimi bir sıra konsepsiyaları özündə birləşdirir.

 

Görüşdə layihə nəticələrini özündə əks etdirən Özünütəhlil hesabatı (SER Report) monitorinq iştirakçıları tərəfindən geniş müzakirə edilib.

 

Sonda layihənin davamlılığı baxımından bir sıra təklif və tövsiyələr irəli sürülüb.

 

Bu barədə UTECA-dan bildirilib.