Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasında 2020/2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə olunub. Universitetin prorektor əvəzi Veysəl Əyyubov hesabatı təqdim edib, təhsil nazirinin “2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrindən irəli gələn vəzifələr, bununla bağlı MDU rektoru tərəfindən struktur bölmələrə verilən konkret tapşırıqlar və onların icrası barədə ətraflı məlumat verib.

 

Ali məktəbin rektoru Şahin Bayramov isə bildirib ki, pandemiya dövründə yaz semestri üzrə dərslər mövcud qaydalara uyğun keçirilib, MDU-nun professor-müəllim, inzibati-idarə, tədris-köməkçi və texniki heyətinin, habelə tələbə və magistrantların yüksək həmrəyliyi, böyük əməyi sayəsində tədris prosesi uğurla təşkil edilib. Ş.Bayramov imtahan sessiyasına hazırlığı qənaətbəxş qiymətləndirib.  

 

O, Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin rektoru Musa Yıldızın Azərbaycana səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə MDU-da olmasından, universitetin bir qrup professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları ilə görüşündən və əməkdaşlıq protokolunun imzalanmasından da danışıb.     

 

MDU-nun Tələbə Gənclər Təşkilatının bir qrup üzvünün könüllü olaraq vaksinasiyada iştirakı da yüksək dəyərləndirilib, tələbələrin və onların yaxınlarının sağlamlıqları üçün bu məsələyə diqqətin daha da artırılmasının, müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinin önəmi qeyd olunub.

 

İclas cari məsələlərin müzakirəsi ilə davam edib.