Naxçıvan Dövlət Universitetində yaz imtahan sessiyasına başlanılıb. Elektron imtahanların keçirilməsi üçün universitetin İnformasiya-kommunikasiya texnologiyaları və Elektron təhsil şöbəsi tərəfindən ciddi hazırlıq işləri aparılıb və bir sıra üstünlüklərə malik yeni elektron imtahan sistemi hazırlanıb.

 

Bu məqsədlə keçirilən təqdimat mərasimində çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, müasir texnologiyalar əsasında işlənib hazırlanan imtahan sistemi öz obyektivlik və şəffaflığı, mövzuların tam əhatəsi baxımından seçilir. Bildirilib ki, semestr imtahanlarının elektron formada keçirilməsi təhsildə elektron vasitələrin, müasir informasiya- kommunikasiya texnologiyalarının uğurla tətbiqindən xəbər verir. Rektor dünya təhsil sisteminə inteqrasiya, Boloniya prosesinin tam tətbiqinə nail olmaq baxımından bu kimi yeniliklərin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

 

İKT və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli məlumat verib ki, yeni elektron imtahan sistemi tərtib olunmuş alqoritm və müasir proqram təminatı əsasında işlənib hazırlanıb. Bu sistemlə tələbələrin ümumi orta müvəfəqqiyyət göstəricilərinin, təqaüdlərinin avtomatik hazırlanması, həmçinin tələbə transkriptlərinin LMS (öyrənmənin idarə olunması sistemi) sisteminə avtomatik inteqrasiyası təmin edilib. Vurğulanıb ki, sistem, həmçinin elektron test bankında təkrar sualların yerləşdirilməsinin də qarşısını alır.

 

Bildirilib ki, vahid pəncərə prinsipi ilə işləyən yeni elektron imtahan sistemi administrator, tyutor, nəzarətçi və tələbə bölmələrindən ibarətdir. Müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandıran hər tələbə imtahanı bitirdiyini təsdiqlədikdən  dərhal sonra  öz imtahan nəticəsi ilə bağlı məlumat əldə edir.

 

Proqramın üstünlüyü bir də ondan ibarətdir ki, tələbə semestr ərzində imtahana qədər topladığı balla birgə həmin fənn üzrə yekun qiymətləndirməni  də öz şəxsi kabinetində görə bilir.

 

H. Əsgərli onu da diqqətə çatdırıb ki, gələcəkdə sistemə yeni modulların əlavə edilməsi və sistemin smart tələbə kartlarına inteqrasiyası da təmin ediləcək.