Mayın 25-də Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları arasında “Türkiyə-Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib.

 

Tədbiri açan təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Nazir müavini vurğulayıb ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib.

 

Ölkəmizdə icra olunan ikili diplom proqramlarından söz açan Firudin Qurbanov qeyd edib ki, Dövlət Proqramı çərçivəsində təsis edilməsi nəzərdə tutulan 5 beynəlxalq ikili diplom proqramından artıq 3-ü 2020-ci ildən həyata keçirilir. Bu proqramlar üzrə hazırda 115 tələbə təhsil alır. Firudin Qurbanov diqqətə çatdırıb ki, Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faizdən çoxdur. Türkiyədə isə 23 min Azərbaycan vətəndaşı təhsil alır.

 

Nazir müavini 70 minlik tələbə kontingentinə və bir əsrlik tarixə malik Qazi Universiteti ilə yerli ali təhsil müəssisələrimiz arasında imzalanan əməkdaşlıq müqavilələrinin əhəmiyyətinə toxunub. Firudin Qurbanov əlavə edib ki,  nümayəndə heyətinin səfəri çərçivəsində imzalanan müqavilələr və aparılan müzakirələr Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi və mütəxəssislərin cəlb olunması sahəsində əlaqələri daha da genişləndirəcək. Təhsil sahəsində səmərəli və fəal əməkdaşlığımız, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizdə elmin və təhsilin inkişafına xidmət edəcək.

 

Sonra çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıqların yüksək nəticələr verəcəyindən əminliyini ifadə edib. Rektor rəhbəri olduğu universitetin təqdimatını edib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib.

 

Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.