20-22 iyun tarixlərində Lerik rayonunda "Bəbirləri mühafizə edək!" adlı ekoloji yay düşərgəsi təşkil edilib.
Düşərgədə Lerik rayonunun Hamarmeşə, Günəşli, Qosmalian, Rvarud, Tikəband, Çayrud, Vistən, Nuravud və digər kəndlərindən 30 məktəbli iştirak edib.
Yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənclərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliği, şagirdlərin məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.
Düşərgədə məktəblilər bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə, ekosistem və biomüxtəlifliklə əlaqədar bilik yarışlarında iştirak ediblər.
Layihə IDEA İctimai Birliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Respublikası Gənclər Fondu və Ümumdünya Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl və Lerik rayonlarından ümumilikdə, 400-ə yaxın məktəbli iştirak edib.