Bakı Slavyan Universitetinin (BSU) Magistratura şöbəsinin və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən “Nizami Gəncəvi üfüqləri aşan şair kimi” adlı dəyirmi masa keçirilib.
BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva, həmin kafedranın professoru Bədirxan Əhmədov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Almas Məmmədova və Magistratura şöbəsinin müdiri, dosent Sevinc Abışova Nizami Gəncəvinin həyat və bədii yaradıcılığı haqqında geniş məlumat veriblər.
Tədbirdə I və II tədris ili magistrantları öz məruzələri ilə çıxış ediblər. Çıxışlar Nizami Gəncəvi yaradıcılığının 4 istiqamətini: arxetipləri, meyarları, dəyərləri, obrazların tarixi izlərini əhatə edib.
Magistrantlar müzakirələrdə fəal iştirak edərək onlara ünvanlanan sualları ətraflı cavablandırıblar.