Təcrübə tələbələrə ilboyu keçdikləri fənlərin nəzəri əsaslarını təcrübi biliklərlə zənginləşdirməyə şərait yaradır
Bakı Ali Neft Məktəbində (BANM) tələbələr hər il olduğu kimi yay istehsalat təcrübəsi keçirlər. Yay istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri fənlərin nəzəri əsaslarının təcrübədən alınan biliklərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.
Ali Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 125 tələbəsi “Azneft” İstehsalat Birliyinin “Bibiheybət” Neft Qazçıxarma İdarəsi (“NQÇİ”), Ə.C.Əmirov adına NQÇİ, H.Z. Tağıyev adına NQÇİ, “Abşeron” və “28 May” adına NQÇİ-lərində yay istehsalat təcrübələri keçirlər.
“Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 133 nəfər tələbə isə Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində istehsalat təcrübəsindədirlər.
BANM-ın üçü “Neft-qaz mühəndisliyi”, ikisi “Kimya mühəndisliyi” ixtisasında təhsil alan beş tələbəsi isə böyük neft və qaz servis şirkəti olan “Baker Hughes” şirkətində 3 aylıq yay istehsalat təcrübəsinə başlayıblar.
Cari ilin iyul ayının 1-dən etibarən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 49 nəfər tələbə Emerson Process Management, AVANDSIS GROUP, Schneider Electric, ATENAU LTD, NÖC və Avtomatika MMC kimi şirkətlərdə təcrübəyə başlayacaqlar.
Tələbələr yay istehsalat təcrübəsi zamanı müəssisələrdə gedən iş prosesi ilə yaxından tanış olur, orada istismarda olan qurğular və avadanlıqları, onlara nəzarət və idarəetmə sistəmlərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışmaq və onların iş təcrübələrindən yararlanmaq imkanı əldə edirlər.
Qeyd edək ki, istehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi bilikləri qiymətləndirilir və təcübələrin nəticələri haqqında hesabatlar tərtib edilir.