Mayın 21-də təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixracat naziri Qraham Stüartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Tərəflər, həmçinin Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıb.
Görüşün sonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Britaniya Şurasının ölkəmizdəki Nümayəndəliyi arasında illik fəaliyyət planı imzalanıb.