Mayın 19-da “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" üzrə Milli Prioritetin həyata keçirilməsi məqsədilə yaradılmış "Təhsil" üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib.

 

Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclas çərçivəsində "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" üzrə Milli Prioritetin "Təhsil" üzrə alt İşçi Qrupunun təqdimatı nümayiş olunub. Bildirilib ki, son illərdə həyata keçirilmiş islahatlar nəticəsində təhsil sistemində ciddi dəyişikliyə nail olunub və  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsasında təhsildə bir çox islahatlar aparılıb. Belə ki, məktəbəqədər təhsilin (5 yaşlılar) əhatə dairəsi 2015-2016-cı illərdəki 24 faizdən artaraq 80 faizə çatıb. Azərbaycan bütün beynəlxalq qiymətləndirmələr üzrə öz göstəricilərini yaxşılaşdırıb. Ən böyük irəliləyiş 2011-ci ildən etibarən 52 bal irəliləyərək 2019-cu ildə 515 xala çatdığımız TIMSS riyaziyyat nəticələrində (4-cü siniflər) qeydə alınıb. Bundan başqa, buraxılış imtahanı (9-cu sinif) nəticələri yaxşılaşan məktəblərin sayı son iki ildə 4 dəfə artıb. 150 min müəllimin diaqnostik qiymətləndirmə əsasında aylıq əməkhaqqı 2 dəfə artırılıb. Ali məktəbə qəbul olunmuş (bakalavr və magistr) tələbələrin sayı 2020-2021-ci illərdə 52 minə çatdırılıb. 2017-2018-ci ildə bu rəqəm 37 min təşkil edib.

 

İclasda sözügedən prioritetin hədəflərinə nail olmaq üçün təhsil pillələri üzrə XXI əsrin tələblərinə uyğun təhsil məqsədlərinin reallaşdırılmasına dair fəaliyyətlər haqqında məsləhətləşmələr və müzakirələr aparılıb.

 

Qeyd edilib ki, növbəti illərdə təhsil sahəsində islahatların aparılması üçün məqsəd və alt məqsədlər müəyyənləşdirilib. XXI əsrin tələblərinə uyğun təhsil məqsədinə çatmaq üçün bir çox sahələrdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qarşıda duran məqsədlər sırasında erkən yaş dövründə inkişafın təmin edilməsi və səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, peşə təhsilinin dördüncü sənaye inqilabının və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, keyfiyyətinin və əhatə dairəsinin artırılması, ali təhsilin əlçatanlığının, keyfiyyətinin və beynəlxalq rəqabətliliyinin təmin edilməsi, elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi, eləcə də səriştələrin davamlı inkişafına əsaslanan “ömürboyu təhsil” sisteminin formalaşdırılması və erkən yaşlardan rəqəmsal səriştələrin artırılması, İKT-nin təhsildə tətbiqi və distant təhsil imkanlarının genişləndirilməsi yer alır.