Naxçıvan Şahmat Mərkəzində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri, Şahmat fənnini tədris edən müəllimlər və Şahmat məktəbləri üçün növbəti interaktiv dərs keçirilib.
Debütdən sonra oynamaq şahmata yeni başlayanlar üçün çətin olur. Buna görə də şagirdlər üçün keçirilən interaktiv dərs “Debütdən sonra necə oynamaq lazımdır” mövzusunda olub. Urfan Sevdimalıyev tərəfindən aparılan dərsdə şagirdlərə plan seçmək, yaxşı sonluğa keçmək qaydaları izah edilib.
Ümumtəhsil məktəblərində Şahmat fənnini tədris edən müəllimlər üçün keçirilən interaktiv dərsi Bakıdan dəvət olunmuş beynəlxalq usta, qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı Fikrət Sideifzadə aparıb. Dərsdə müəllimləri maraqlandıran suallar cavablandırılıb, xüsusilə yarış keçirmək qaydaları izah olunub.
İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.