Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbəsi və müəllim kollektivinin üzvü universitetin 44 günlük Vətən müharibəsində şəhid olan məzunu Əzəmi Hüseynovun xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak edib.
Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının və qazilərin də iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun adını daşıyan bulağa gül dəstələri düzülüb və onun əziz xatirəsi böyük ehtiramla yad edilib.
Universitetin mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva şəhid Ə.Hüseynovun tələbəlik illərindən bəhs edib. Onun yüksək əxlaqi keyfiyyətləri və nümunəvi davranışları ilə fərqlənməsindən danışan A.Əliyeva ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət və yaxınlarına səbr diləyib.
Sonra MDU-nun tələbələri hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Qeyd edək ki, Ə.Hüseynov 2010-2014-cü illərdə MDU-da ali təhsil alıb. 2020-ci ilin 8 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan universitetin qəhrəman məzunu dövlət başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ə.Hüseynovun həyat yoldaşı Minayə Hüseynova hazırda MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) koordinatoru vəzifəsində çalışır.