Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq elmi konfransları öz işini yekunlaşdırıb. “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri müəyyənləşdirilib.
Konfrans “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi materiallar və polimerlər”, “Bərpaolunan enerji” bölmələrini əhatə edib.
Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov konfransların əhəmiyyətindən danışıb, qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra qaliblərin mükafatlandırılması mərasiminə başlanılıb.
Qaliblərə SOCAR Polymer, bp, “Maire Tecnimont” şirkətlərinin və BANM-in hədiyyələri, həmçinin konfransın sertifikatları təqdim olunub.