Onların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq
Ali təhsilin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələri Mərkəzin internet saytında yerləşdirib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2257 nəfəri dövlət sifarişi, 4131 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 4101 nəfəri ali təhsil müəssisələrinin cari, 2287 nəfəri isə əvvəlki illərin məzunudur.
Bundan əlavə, 6 bakalavr idman sahəsi üzrə, 2 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2018-ci il iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.