Qazi müəllim Babək Cəfərov: “Düşünürdülər ki, minanın üstündə oturmuşam...”
Son döyüşü Füzuli rayonunun Merdinli kəndində olub. Oktyabrın 8-də aldığı ağır yaralardan sonra iki gecə, 3 gün sağ qalmaq üçün mücadilə edib, sözün əsl mənasında, ölüm-dirim savaşı verib. Ölümü də son çarə olaraq göz önündə tutub. Hər an barmağı tətikdə ölümün gözünə dik-dik baxıb, yaşamaq üçün ölməyə də, öldürməyə də hazır olduğunu göstərib.
Babək Cəfərov vətən uğrunda əlinə silah götürən minlərlə vətənpərvər gənclərdən biridir. Sinifdən səngərə uzanan yolda xəyalında ancaq Qarabağımızda bayraq qaldırdığı anı canlandırıb.
Günəşli Azərbaycanın Günəşli kəndində riyaziyyat müəllimidir Babək müəllim. Lerik rayonunun Buzeyir kəndindəndir. 1995-ci il doğumludur. Mayın 10-da 25 yaşını qeyd edəcək.
Orta təhsilini Lerik şəhər M.Baxışov adına 3 nömrəli tam orta məktəbində tamamlayıb. Sumqayıt Dövlət Universitetində Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üzrə təhsil alandan sonra Lerikin Sors kənd məktəbində müəllimliyə başlayıb. 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb və uğur qazanaraq Astaranın Sumrud kəndinə müəllim təyin olunub. Sonradan yerdəyişmə ilə Lerik rayonunun Günəşli kəndinə qayıdıb.
Dağıdılmış evlər əsas sığınacağımız idi
2016-cı ildə Naxçıvanda hərbi xidmət keçib. 1 il quru qoşunlarında atıcı olaraq xidmət göstərib. Vətən müharibəsi başlayanda təlimlərdən dərhal sonra Füzulidən döyüşlərə qatılıb. Elə ilk gündən irəliləyən, qələbə qazanan, zəfərə susamış bir Ordunun sıralarında olmağın qürurunu yaşayıb: “Qızğın atışmaya, güclü müqavimətə, çətin döyüş şəraitinə baxmayaraq, hər gün irəliləyirdik. Sentyabrın 29-da başlayan əməliyyatda iştirak edirdim. Tikililərin arası ilə hərəkət edərək özümüzü zərbədən, güllə və qəlpələrdən qorumağa çalışırdıq. Dağıdılmış evlər döyüş meydanında bizim əsas sığınacağımız idi”.
Həmvətənlilərinin tikdiyi, daşı-daş üstə qoymağı illər almış evlərdən 30 il ərzində qalan da elə o daşlar idi. Bir vaxtlar bir evi yuvaya çevirən həmin daşlar illər sonra od-alovun ortasında o millətin balalarına sığınacaq, daldalanacaq olmuşdu.
Yağış, qəlpə və PUA-lar
Döyüşçü Babək Cəfərovun danışdığı hadisələr Füzulinin Qaraxanbəyli kəndində cərəyan edirdi. Düşmən çıxarılmış, kənd alınmışdı. Ancaq kəndə yerləşən Azərbaycan ordusunun işi bitməmişdi. Çünki sırada hələ uzun bir yol vardı, axı, Şuşaya, Xankəndinə hələ çox qalırdı. Sıradakı isə Merdinli kəndi idi: “Əməliyyat tapşırığı verildi. Hücuma keçdik. Düşmənin mövqeyi yuxarıda olduğundan əməliyyat şəraiti bizim üçün çox ağır idi. İrəliləmək asan deyildi. Bir mayorumuz şəhid oldu, minamyot əsgərlərimizdən birinin ayaqlarını, başqa birisinin başını apardı. Çoxlu yaralananımız oldu. Tapşırığımız belə idi: ləngimək, dayanmaq olmazdı. Döyüş tapşırığını vaxtında yerinə yetirə bilmək üçün bütün yüklərimizi atıb hərəkət qabiliyyətimizi asanlaşdırdıq. 20 nəfər döyüşçü ilə yola davam edirdik. Snayper güllələri, minamyot qəlpələri yanımızdan, o tərəf-bu tərəfimizdən keçirdi. Atəş altında xeyli irəlilədik”.
Geriyə yol yox idi Qarabağ həsrətli hekayələrlə böyüyən azərbaycanlı gənclər üçün: “Biz koordinatları ötürür, artilleriyamız həmin mövqeləri vurur, sonra biz həmin mövqeyə daxil olurduq. 15 nəfər qalmışdıq. Dincəlmək üçün bir neçə saat fasilə verdik. Səhər minamyot atəşi səsinə oyandıq. Çox keçmədən mühasirəyə düşdüyümüzü anladıq. Üstümüzə yağan güllələrdən yayınıb irəliləməyə çalışırdıq. Bu vaxt qolumdan yaralandım. Buna baxmayaraq hərəkətə davam etdim. Ancaq bu dəfə PK gülləsi ayağımdan dəydi və yıxıldım. Komandirim İlham Dadaşov arxaya çevrilib bir xeyli tərəddüdlə mənə baxdı. Hiss edirdim ki, irəli getmək barədə düşünür, amma məni də atəş altında qoymaq istəmir. Mənə tərəf gəlib kolların arasına sarı sürüyərək atəş altından çıxartdı. Avtomatlarımızı hazıır vəziyyətdə saxlayıb gözləməyə başladıq. Qanaxmam vardı, bərk susamışdım. Ancaq su yox idi. Komandirim qanaxma olmasın deyə yaralarımı çəkməmim ipləri ilə bağladı. Kollarından böyürtikən dərib həm özü yeyir, həm də mənə verirdi. Belə davam edə bilməzdi. O da silahı hazır vəziyyətdə əlimə verib kömək dalınca getdi. Uzun müddət keçdi. Bir azdan komandirim əlində su ilə gəldi. Suyu birnəfəsə içdim. İlham məni qaldırdı ki, aparsın. Ona ağırlıq düşməsin deyə mən də boynundan bərk-bərk yapışdım. Sürüyərək məni oradan çıxarmağa çalışırdı. Ancaq ikimiz də yorğun idik. Taqətimiz qalmamışdı. Komandirim anladı ki, məni bu cür aparmağa gücü çatmayacaq. Nə qədər ki, daldalanacaq yerlər vardı, gedə bilirdik. Açıqlıqda hərəkət etmək mümkün deyildi. Görüb vurur, snayperlər hərəkət eləməyə imkan vermirdi. Daha bir gecəni daldalanacaqda qalmalı olduq. Atışma səslərini eşidirdik. Komandirim yenə məni qoyub getdi. Bir də səhər qayıtdı. Xeyli arxaya gedib, ancaq əsgərlərimizi tapmayıb. Bir az dincəlib yenə getdi”.
“Mən erməni deyiləm!!!”
Babək Cəfərov yaralandıqdan sonra yaşadıqları arasında bəlkə də ən ağır olanı hadisəni belə xatırlayır: “Bir müddət sonra olduğum yerə 2 əsgər yaxınlaşdı. Bizimkilərdəniydilər. Əsgərlərimizə ərzaq aparırdılar. Hərəsi bir tərəfimdən yapışıb məni dərədən keçirtdilər. Ancaq onlar da yolda bir daldalanacaq yer tapıb məni orada qoydular. Dedilər ki, ərzağı təcili çatdırmalıdırlar, gecikə bilməzlər. Qayıdanda da mənim yanımdan gəldilər. Mənə də yemək verdilər. Bir müddət sonra gördüm ki, iki əsgər dərənin aşağı hissəsiylə gəlir. Əl eləyib səslədim, kömək istədim. 20 metrədək məsafədə dayanıb silahı mənə tuşladılar. Erməni ola biləcəyimi düşünürdülər. Dedim ki, Azərbaycan əsgəriyəm. İnanmaq istəmirdilər. Düşünürdülər ki, minanın üstündə oturmuşam, onları da yanıma çəkirəm. Çünki tərpənə bilmirdim. Əmin olmaq üçün çoxlu suallar verdilər. Bölüyümü, hansı rayondan olduğumu soruşdular. Sonra hərəsi bir qolumdan yapışıb məni oradan uzaqlaşdırdılar. Sonra 5-6 nəfər sanitar gəlib əvvəlcə ilkin tibbi yardım göstərdi, sonra isə məni döyüş bölgəsindən uzaqlaşdırdılar”.
Müharibənin izləri
Babək Cəfərovun film kimi günləri bitdi, yenidən reallığa döndü. Bundan sonra sağalma dövrü başladı. Əməliyyat keçirdi, hospital-hospital gəzdi. Göndərildiyi xəstəxanalarda günlərlə müalicə aldı. Başqa necə olacaqdı ki? Elə asan sağalacaq yaralar deyildi aldığı yaralar: “Çox rahat şəkildə qolumu hərəkət etdirirdim deyə qolumdakı yaranın yüngül olduğunu düşünürdüm. Ancaq xəstəxanada müdaxilə zamanı məlum olub ki, güllə qolumu sıyıraraq bədənimə keçib. Həkimlər həmin gülləni belimdən çıxardıqlarını dedilər. Qolumu sıyırıb keçərək belimə girmişdi”.
Fevralın 18-də Ordudan tərxis olunaraq evinə qayıdan Babək müəllimin ayağı da hələ sağalmayıb. PK-nın açdığı yaranın, dəlik-deşik etdiyi sümüklərin bərpası üçün İlizarov aparatını hələ ayağında gəzdirir. Ancaq yaraları bir-bir sağalacaq. Sonra o izləri Vətən müharibəsinin izi kimi qürurla daşıyacaq. Yara izləri heç yox olmayacaq, sümükləri hələ çox sızlayacaq. Amma bilir ki, o sızıltıya dözə biləcək. Çünki bu sızıltının torpaq itkisinin ürəklərə vurduğu ağrı qədər yara olmadığını yaxşı bilir.
Ruhiyyə DAŞSALAHLI