İçərişəhərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən 5-14 yaşlı  uşaq və yeniyetmələr arasında keçirilmiş bədii yaradıcılıq müsabiqəsinin yekun sərgisi  açılıb. “Yaşa, mənim Azərbaycanım!” devizi altında keçirilən  müsabiqənin əsas məqsədi uşaqları vətənə məhəbbət və milli ənənələrə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda onların yaradıcılıq  imkanlarının üzə  çıxarılmasıdır.

 

Nümayiş olunan  200 rəsm əsərindən  93-ü sərginin ekspozisiyasına daxil edilib. Onların arasından seçilən 12 rəsm isə “Azərmarka” şirkəti tərəfindən poçt kartları şəklində nəşr olunub. Müsabiqədə Mehin Süleymanzadə I, Fuad Anzurov II, Zəhra Məmmədzadə III yerləri  qazanıblar. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qalibləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Nazir belə tədbirlərin vətənpərvər gəncliyin tərbiyəsində əhəmiyyətini vurğulayaraq deyib: “Mən, həmçinin belə gözəl və istedadlı övladlar böyüdən valideynlərə təşəkkür etmək istərdim. Əminəm ki, onların hamısını parlaq gələcək gözləyir”

                                                                            

Sifai SƏFƏROVA