Təhsil nazirinin müvafiq əmrinə əsasən, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində  araşdırma aparılıb.

 

Araşdırma zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib, yol verdiyi nöqsanlara görə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Raqub Məhərrəmov işdən azad edilib. Salyan Rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyevə əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və rayonun ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə görə töhmət verilib.

 

Həmçinin rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Salyan rayonu Qarabağlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Emin Bayramov, Yeni Uluxanlı kənd tam orta məktəbinin direktor səlahiyyətlərini icra edən Lətif Qəmbərov işdən azad edilib.

 

Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə Salyan rayonu Çuxanlı kənd tam orta məktəbinin direktoru Firdovsi Heybətov, I Varlı kənd tam orta məktəbinin direktor əvəzi Bəylər Nəzərov və Cəbrayıl rayonu Əmirvarlı kənd tam orta məktəbinin direktoru Lətafət Məmmədovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

 

Eyni zamanda əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmiş, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşmış 13 saylı ƏMHM-nin məsul əməkdaşları barəsində intizam tənbehi tətbiq edilib.

 

Həmçinin Masallı Rayon Təhsil Şöbəsi tərəfindən aparılmış yoxlamaların nəticəsinə əsasən, Təhsil Nazirliyinin müvafiq əmri ilə işlərində yol verdiyi nöqsanlara görə Masallı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Mirxanım Hüseynova və Masallı şəhər 6 nömrəli tam orta məktəbin direktoru Elman Nəzərov tutduqları vəzifədən azad edilib.

 

Hazırda aidiyyəti struktur bölmələr tərəfindən araşdırmalar davam etdirilir və müvafiq tədbirlər görülür.