AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
İyunun 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda tədbir təşkil edilib. AMEA, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa İttifaqının, ölkəmizin elmi-tədqiqat müəssisələrinin, nümayəndələri, ali məktəblərin rektorları iştirak edib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Azərbaycanın elm və təhsili üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, dünyada sürətlə inkişaf edən informasiya texnologiyalarının ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyduğunu bildirib. Onun sözlərinə görə, yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması qarşıda duran əsas hədəflərdəndir. Akademik A.Əlizadə ölkəmizin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məsələlərin prioritetlər sırasında əksini tapdığını diqqətə çatdırıb. Yüksək ixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi məqsədi ilə ölkənin ali təhsil ocaqlarında təhsilin elmi tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyasına əlverişli mühitin yaradılması İnkişaf Konsepsiyasından irəli gələn vəzifələr sırasındadır. AMEA-da fəaliyyət göstərən AzScienceNet elm kompüter şəbəkəsi akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərərək Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edir. AzScienceNet 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunub. AMEA İnformasiya Texnologiyaları İnstitutu GEANT ilə geniş əməkdaşlıq əlaqələri quraraq, qeyd edilən əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün elektron infrastrukturun yaradılması məqsədilə Avropa Birliyi tərəfindən müəyyənləşdirilən EaPConnect layihəsində Azərbaycan tərəfini təmsil edir. Şərq Tərəfdaşlığının əsas məqsədlərindən biri də genişzolaqlı internet şəbəkəsinin yaradılması və müvafiq ölkələrin aidiyyəti qurumlarının Avropanın elm və təhsil şəbəkəsinə inteqrasiya edilməsi, həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən alimlərin, tələbələrin və mütəxəsəssislərin beynəlxalq elmi əməkdaşlığına dəstək verilməsidir.
AzScienceNet (AMEA) ilə AzEduNet (Təhsil Nazirliyi) arasındakı işgüzar əlaqələrdən söz açan akademik bu əməkdaşlıq çərçivəsində artıq ölkəmizin 13 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulduğunu, hazırda digər ali məktəblərdə bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.
Sonra təhsil naziri Ceyhun Bayramovun “Təhsildə İKT və Azərbaycan təhsil şəbəkəsi” mövzusunda məruzəsi dinlənilib. Nazir qeyd edib ki, biliklər iqtisadiyyatı və innovasiyalar dövründə təhsilin inkişafı ölkənin rəqabət qabiliyyətliliyinin vacib göstəricilərindən birinə çevrilir. Ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə, onların informasiya texnologiyalarından səmərəli isitifadə etmək imkanları ilə müəyyən olunur. Nazir təhsil sahəsində informasiya texnologiyalarının zəruriliyini şərtləndirən əsas amillərdən birinin İKT vasitələri ilə tədrisin keyfiyyətinin yüksəldilməsi olduğunu bildirib. Onun sözlərinə görə, təhsildə İKT-nin tətbiqinə dair ölkə rəhbərliyi tərəfindən müvafiq proqramlar qəbul olunub və uğurla həyata keçirilir. Nəticədə təhsil sahəsinin informatlaşdırılması, İKT infrastrukturunun inkişafı, rəqəmsal resurslardan istifadə imkanları genişlənib. C.Bayramov qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil sisteminin informatlaşdırılması xüsusi istiqamətlərdən biri kimi göstərilir. Buna görə də ölkəmizdə bu sahədə mühüm işlər görülür.
Nazir çıxışında ölkəmizdə təhsil sisteminin informatlaşdırılması, elektron dərslik, vasitə və resursların geniş tətbiq sahələrindən, təhsil müəssisələrinin kompüter avadanlığı ilə təmin olunmasından danışıb. Ölkəmizdə son illər uğurla həyata keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi, tələbə transferi, birinci siniflərə qəbul kimi layihələr məhz İKT -nin geniş tətbiqinə əsaslanır. Nazir İKT sahəsində kadr hazırlığından danışıb, son illər bu sahəyə müraciət edənlərin sayında artım olduğunu diqqətə çatdırıb. Diqqət çəkən məqamlardan biri də odur ki, İnformatika üzrə beynəlxalq olimpiadaya ölkəmiz gələn il ev sahibliyi edəcək.
Digər çıxış edənlər, rabitə və yüksək texnologiyalar naziri Ramil Quluzadə, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İKT sahəsində Avropa ölkələri ilə əməkdaşlıqdan, bu sahədəki perspektivlərdən, Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən danışıblar.
Avropa Birliyinin EaPConnect layihəsinin rəhbəri Mariya Minarikova tədbirdə GEANT və EaPConnect layihəsi barədə geniş təqdimat edib.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun AzScienceNet elm kompüter şəbəkəsinin inkişaf tarixi, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O bildirib ki, AzScienceNet şəbəkəsinin Avropanın elm və təhsil şəbəkələrinə (GEANT) inteqrasiyasının məqsədi Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir. Akademik R.Əliquliyev AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının 100% genişzolaqlı İnternetlə təmin edilməsi, AzScienceNet şəbəkəsi xidmətlərindən respublikanın ali təhsil müəssisələrinin və elmi qurumlarının geniş istifadəsi məqsədilə görüləcək işlər barədə də məlumat verib.
Çıxışlardan sonra AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov imzalayıblar. Müqavilədə Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycanda elm və təhsilin inteqrasiyasının təmin edilməsi, EaPConnect layihəsi çərçivəsində GEANT Şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim edilməsi məsələləri əksini tapıb.
Oruc MUSTAFAYEV