Azərbaycan dünyanın əcnəbi tələbələr üçün cəlbedici 78 ölkəsi arasında yer alıb
Amerika Birləşmiş Ştatlarının və Birləşmiş Krallığın hər il ən çox xarici tələbə cəlb edən ölkələr olduğunu göstərən tarixi meyillərə baxmayaraq, hazırda gənclər Asiyanın perspektivli iqtisadiyyatı olan ölkələri xaricdə təhsil almaq üçün ən yaxşı ölkələr kimi qiymətləndirirlər.
ABŞ-ın “US News & World Report” jurnalının “2021-ci ilin ən yaxşı ölkələri” reytinqində dünyanın əcnəbi tələbələr üçün cəlbedici 78 ölkəsi yer alıb. Reytinqin ilk 10-luğunda aşağıdakı ölkələr yer alıb: 1.Türkiyə, 2.Cənubi Koreya, 3.Birləşmiş Ərəb Əmirlikləri, 4.Misir, 5.İndoneziya, 6.Hindistan, 7.Katar, 8.Braziliya, 9.Səudiyyə Ərəbistanı, 10.Rusiya.
Azərbaycanın təhsil sistemi reytinqdə 39-cu sıradadır. Ölkəmiz əcnəbi tələbələr üçün ən yaxşı ölkələr sıralamasında Qazaxıstan (41-ci yer), ABŞ (42-ci yer), Latviya (44), Litva (46), Niderland (47), Belçika (48), Böyük Britaniya (52), Avstraliya (55), Serbiya (56), Özbəkistan (57), Kanada (59), Bolqarıstan (60), Estoniya (61), Almaniya (67), İsveçrə (68), Çexiya (70), İtaliya (71), Danimarka (74), Fransa (75), İsrail (77), Avstriya (78) kimi ölkələrdən irəlidədir. Əlavə edək ki, ötən il ölkəmiz anoloji reytinqdə 78 ölkə arasında 61-ci olub.
Xaricdə təhsil almaq üçün ən yaxşı ölkələrin reytinqi qlobal sorğu əsasında tərtib olunub. Tədqiqat ölkələri eyni dərəcəli beş atributun toplanmasının nəticələri əsasında sıralayır: mədəni cəhətdən zəngin, tələbə həyatı üçün əlverişli, qonaqpərvər, mədəni məkanlara malik olması, ölkədə universitetə qəbul imkanlarının yüksək olması və keyfiyyətli təhsil verən ölkə kimi tanınması. Reytinq 35 yaşa qədər 6500-dən çox yetkin insan arasında keçirilmiş sorğuya əsaslanır.
https://www.usnews.com/news/best-countries/best-countries-to-study-abroad
Oruc MUSTAFAYEV