Mingəçevir Dövlət Universitetində (MDU) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Zərifə Əliyeva ömrünün işığı” mövzusunda tədbir keçirilib.

 

Universitetin rektoru Şahin Bayramov Azərbaycan tibb elmində özünəməxsus yeri olan akademik Zərifə Əliyevanın keçdiyi zəngin və şərəfli ömür yolundan bəhs edib. Akademikin göstərdiyi misilsiz xidmətləri vurğulayan rektor xalqımızın yaddaşında əbədi iz qoymağı bacaran görkəmli alimi vəfalı ömür-gün yoldaşı, fədakar ana, yüksək intellekt və mədəniyyətə sahib ziyalı, qayğıkeş həkim, nəcib və insanpərvər Azərbaycan qadını kimi xarakterizə edib.

 

Çoxşaxəli elmi-pedaqoji fəaliyyəti və yaradıcılığı ilə Zərifə Əliyevanın Azərbaycanın tibb elmində parlaq səhifələr açdığını diqqətə çatdıran Ş.Bayramov onun əziz xatirəsinin hər zaman dərin ehtiramla yad edildiyini bildirib. Zərifə Əliyevanın nümunəvi həyat yolu və peşəkar fəaliyyətinin gənc nəsil arasında təbliğinin önəmindən bəhs edən rektor vətəninə, dövlətinə və xalqına layiq vətəndaş yetişdirməyi əsas vəzifələrindən biri kimi müəyyənləşdirən universitetdə bu formatda tədbirlərin keçirilməsinin faydasından danışıb.

 

YAP Mingəçevir şəhər Qadınlar Şurasının sədr müavini, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Ədalət Quliyeva “Zərifə Əliyeva - XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri kimi”, Sumqayıt Dövlət Universitetinin Xarici dillər kafedrasının baş müəllimi Könül İsgəndərova “Şəfqətli xanım - zəriflər zərifi Zərifəmiz”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Dillər kafedrasının baş müəllimi Ədalət Musayeva “Zərifə Əliyevanın zəngin həyat yolu gənc nəsil üçün örnək və yaşam etalonudur”, MDU-nun Xarici dillər kafedrasının müəllimi Xədicə Əliyeva “Zərifə Əliyeva ömrünün işıq mücəssəməsi” mövzularında məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə Zərifə Əliyevanın alim, müəllim, həkim kimi çoxşaxəli, məhsuldar elmi və pedaqoji fəaliyyətindən, tibb sahəsində əldə etdiyi nailiyyətlərdən, yeni nəslin yetişdirilməsindəki rolundan, vəfalı həyat yoldaşı, fədakar və qayğıkeş ana kimi ailəsinə sədaqətindən, milli dəyərlərə bağlılığından bəhs edilib.