Dövlət Gömrük Komitəsinin Akademiyasında Özbəkistanın Daşkənd Gömrük İnstitutunun dinləyiciləri və Özbəkistan gömrük xidmətinin əməkdaşları üçün distant dərslər təşkil edilib.

 

Belə ki, Özbəkistan Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət edərək, azərbaycanlı mütəxəssislər tərəfindən Daşkənd Gömrük İnstitutunun dinləyiciləri və Özbəkistan DGK-nın struktur bölmələrinin əməkdaşları üçün gömrük nəzarəti, gömrük ekspertizası və gömrük rəsmiləşdirilməsi məsələlərini əhatə edən bir sıra mövzular üzrə distant dərslərin keçirilməsini xahiş edib.

 

Onlayn formatda dərslərin təşkili Gömrük Akademiyasına tapşırılıb.

 

Akademiyadan bildirilib ki, aprelin 26-da Zoom platforması üzərindən ilk iki dərs təşkil edilib. Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Xarici ticarət iştirakçılarının gömrük əməliyyatlarının auditi şöbəsinin baş inspektoru Rəşad Salmanov tərəfindən Daşkənd Gömrük İnstitutunun magistrantlarına və kursantlarına iki mühazirə təqdim olunub.

 

Onlayn dərslərə Özbəkistan gömrük xidmətinin mərkəzi ofisinin, regional idarələrinin və Daşkənd hava limanının gömrük əməliyyatlarının auditinə məsul olan əməkdaşları da qoşulub.

 

Dinləyicilərə gömrük auditinin təşkili metodologiyası, onun mərhələləri və həyata keçirilmə ardıcıllığı, gömrük auditinin gedişində gömrük dəyərinin hesablanmasının və təyin edilməsinin düzgünlüyünün yoxlanılması qaydası izah olunub.

 

Qeyd edək ki, cari il ərzində Gömrük Akademiyası tərəfindən özbəkistanlı dinləyicilər üçün daha bir neçə onlayn dərslər təşkil ediləcək. Həmin dərslərdə azərbaycanlı mütəxəssislər gömrük ekspertizası laboratoriyalarının fəaliyyətində malların təhlükəsizliyi məsələlərinin həlli, gömrük orqanlarının fiskal funksiyalarının həyata keçirilməsi, gömrük prosedurlarının avtomatlaşdırılması, o cümlədən "ağıllı gömrük" sahəsində əldə etdikləri təcrübəni özbək həmkarları ilə bölüşəcəklər.