22-25 aprel tarixlərini əhatə edən Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı başa çatıb. 

 

Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə baş tutan konfransda 9 fərqli ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak ediblər.  

 

Təhsildə liderlik, keyfiyyətin təminatı, qiymətləndirmənin təşkili, planlaşdırma, təhsilin iqtisadiyyatı, distant təhsilin idarə olunması, inklüziv və xüsusi təhsil idarəçiliyi, peşə təhsili və idarəçilik, təhsilin idarə olunmasının beynəlxalq modelləri mövzularını əhatə edən konfrans Azərbaycan və ingilis dillərində aparılıb.

 

Təhsil idarəçiliyi mövzusunda ilk dəfə təşkil olunan konfrans “XXI əsrin tələblərinə uyğun təhsil” sahəsində qarşıda duran vəzifələri işıqlandırmaq məqsədi daşıyıb. 

 

Konfransın açılış mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev qeyd edib ki, təhsilin idarə olunmasında məzmun, tədris və qiymətləndirmə kimi amillərə xüsusi önəm verilməlidir. Nazir vacib məsələlər sırasında məktəbəqədər, inklüziv və icmaəsaslı məktəbəqədər təhsilin inkişafı və genişləndirilməsini diqqətə çatdırıb. Həmçinin, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında beynəlxalq qiymətləndirmələrin əhəmiyyətindən danışan təhsil naziri PISA, PIRLS və TIMSS kimi tədqiqatlar çərçivəsində Azərbaycandan olan şagirdlərin nəticələrində müsbət dinamikanın nəzərə çarpdığını bildirib. 

 

Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında məzmunun yenilənməsi, gənclərin rəqəmsal bacarıqlarının artırılması və beynəlxalq qiymətləndirmələrdə irəliləyişlərin əldə olunması kimi məsələlərə toxunub.  Tədrisdə məzmunun tərtibatı zamanı kritik düşüncə, ixtira, müzakirə və layihə əsaslı interaktiv dərslərin təşkili, fənlərarası inteqrasiya və müəllimlərin aidiyyəti üzrə ixtisaslarını artırması kimi vəzifələrin əsas götürüldüyünü qeyd edib. 

 

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, nazirlik yanında İctimai Şuranın üzvü Asif Cahangirov, ADA Universitetinin prorektoru  Vəfa Kazdal,  ABŞ-ın Şərqi Karolina Universitetinin professoru Lewis Travis, Pakistanın Baltistan Skardu Universitetinin professoru Ashfaque Ahmad Shah, Şimali Kiprin Doğu Akdeniz Universitetinin professoru Hasan Şimşek, Cənubi Koreyanın İnha Universitetinin professoru Youngsoon Kim, Finlandiyalı təhsilin idarə olunması üzrə mütəxəssis Petri Lounaskorpi, Qırğız-Türk Manas Universitetinin professoru Kürşad Yılmaz, Qazaxıstanın Narxoz Universitetinin professoru Dilbər Gimranova və digərləri çıxış ediblər.

 

Konfrans “Təhsildə Liderlik və idarəetmə”,  “Təhsildə keyfiyyət”, “Distant təhsilin idarə olunması”, “İnklüziv təhsilin təşkili”, “Təhsilin idarə olunmasında Orta Asiya Təcrübəsi” sessiyaları ilə davam edib, ümumilikdə 65 məruzə dinlənilib.