Lənkəran Dövlət Universiteti (LDU)  Elmi Şurasının  növbədənkənar iclası keçirilib. İclasda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov ali məktəbə yeni təyin olunan rektor Natiq İbrahimovu kollektivə təqdim edib.

 

Firudin Qurbanov N.S.İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  23 aprel  2021-ci il tarixli Sərəncamını Elmi Şura üzvlərinin diqqətinə çatdırıb, təhsil naziri Emin Əmrullayevin adından Natiq İbrahimovu təbrik edib.

 

Nazir müavini LDU-ya dəfələrlə səfər etdiyini, universitetdə müsbət istiqamətdə baş verən yeniliklərdən razı qaldığını, N.İbrahimovun rektor əvəzi kimi ona tapşırılan işin öhdəsindən bacarıqla gəldiyini, sağlam kollektiv formalaşdırdığını deyib.

 

Son 5 il ərzində LDU-da tələbə kontingentinin bir neçə dəfə artdığını, maddi-texniki bazanın gücləndiyini, tədris prosesinin keyfiyyətcə yaxşılaşdığını qeyd edən Təhsil Nazirliyinin rəsmisi yeni tədris korpusları, tələbə yataqxanası, tələbə yeməkxanasının inşa edilərək istifadəyə verilməsini, turizm-tədris bazasının, yardımçı təsərrüfatın yaradılmasını, xaricdən yeni laboratoriyaların alınmasını, kənardan dəvət edilən müəllimlər üçün xidməti evlərin inşasını yüksək dəyərləndirib. Bildirib ki, görülən bu işlər tədris prosesinə öz müsbət təsirini göstərib və kadr hazırlığının səviyyəsini artırıb.

 

Firudin Qurbanov Cənub bölgəsində yeganə ali təhsil ocağı olan LDU-nun regionun inkişafında mühüm rol oynamasından da söz açıb, yaradılan texno-parkların ixtisaslı kadrlarla təminatının bu ali təhsil ocağının üzərinə böyük vəzifələr qoymasından, nəzəri-praktik biliklərin vəhdətdə tədrisindən danışıb.

 

44 günlük Vətən müharibəsindən söz açan nazir müavini işğaldan azad olunmuş rayonların bərpasında iştirak etməyi hər bir azərbaycanlının vətəndaşlıq borcu sayıb, əsrin, zamanın tələblərinə cavab verən savadlı, eyni zamanda vətənpərvər kadrların hazırlanmasını universitetlərin, professor-müəllim heyətinin əsas vəzifəsi hesab edib.  

 

Firudin Qurbanov universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun oğlu, baş leytenant Vüsal Kazımovun Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq şəhid olmasından da danışıb, belə vətənpərvər övlad böyütdüyünə görə  şəhid atasına  minnətdarlıq edib.

 

Elmi Şura üzvləri adından çıxış edən Kamran Kazımov Natiq İbrahimovun rəhbərliyi altında son 5 ildə LDU-da görülən çoxmiqyaslı işlərdən, onun işə yaradıcı yanaşmasından, sağlam, şəffaf təhsil mühiti formalaşdırmasından, kollektivlə işləmək bacarığından danışıb.

 

Elmi Şuranın iclasını  yekunlaşdıran  rektor Natiq İbrahimov yüksək etimada görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib.