Mingəçevir Dövlət Universitetində (MDU) “Davamlı və rəqabətqabiliyyətli iqtisadiyyat: Milli prioritetlər və strateji hədəflər” mövzusunda elmi seminar keçirilib.
Universitetin rektoru Şahin Bayramov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan- 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq qarşıda dayanan strateji hədəflərdən bəhs edib. Növbəti onillik ərzində ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinin reallaşdırılmasında yüksəkixtisaslı kadrların və nəticəyönümlü tədqiqatların əhəmiyyətini vurğulayan Ş.Bayramov ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən və onların verə biləcəyi töhfələrdən danışıb.
Sonra MDU-nun müəllimləri mövzuya dair məruzələrlə çıxış ediblər.
Məruzələrdə son dövrdə ölkəmizin dinamik, dayanıqlı, rəqabətqabiliyyətli və tarazlı sosial-iqtisadi inkişafından, beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsindən, yeni dövrün milli prioritetlərindən, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı dövlət tədbirlərindən, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğundan, insan kapitalının inkişafından, yüksək keyfiyyətli ətraf mühitin təmin edilməsindən və dayanıqlı inkişafı əhatə edən digər məsələlərdən bəhs edilib.
Maraqla dinlənilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb və seminar iştirakçılarının çoxsaylı suallarına aydınlıq gətirilib.