Aprelin 22-də Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı öz işinə başlayıb. Konfrans Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilir. Konfransda 9 fərqli ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirlər.
Konfransın açılış mərasimində iştirak edən təhsil naziri Emin Əmrullayev təhsil siyasəti və təhsil inzibatçılığında qarşıda duran əsas vəzifələr barədə məlumat verib. Emin Əmrullayev hər bir vətəndaşı əlçatan, keyfiyyətli və bərabər imkanlı təhsil hüququ ilə təmin etməyin əsas prioritetlərdən olduğunu vurğulayıb. Nazir əlavə edib ki, ölçülə və müqayisə edilə bilən göstəricilərin təhsil idarəçiləri üçün daha effektiv imkanlar yaratması təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Emin Əmrullayev qeyd edib ki, təhsilin idarə olunmasında məzmun, tədris və qiymətləndirmə kimi faktorlara xüsusi önəm verilməlidir. Nazir vacib məsələlər sırasında məktəbəqədər, inklüziv və icmaəsaslı məktəbəqədər təhsilin inkişafı və genişləndirilməsini diqqətə çatdırıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında beynəlxalq qiymətləndirmələrin əhəmiyyətindən danışan təhsil naziri PISA, PIRLS və TIMSS kimi tədqiqatlar çərçivəsində Azərbaycandan olan şagirdlərin nəticələrində müsbət dinamikanın nəzərə çarpdığını bildirib.
Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında məzmunun yenilənməsi, gənclərin rəqəmsal bacarıqlarının artırılması və beynəlxalq qiymətləndirmələrdə irəliləyişlərin əldə olunması kimi mövzulardan danışıb. Rüfət Əzizov tədrisdə məzmunun tərtibatı zamanı kritik düşüncə, ixtira, müzakirə və layihə əsaslı interaktiv dərslərin təşkili, fənlərarası inteqrasiya və müəllimlərin aidiyyəti üzrə ixtisaslarını artırması kimi vəzifələrin əsas götürüldüyünü qeyd edib.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əskərov, Şərqi Karolina Universitetinin professoru Lewis Travis, Baltistan Skardu Universitetinin professoru Ashfaque Ahmad Shah, ADA Universitetinin prorektoru Vəfa Kazdal, Təhsil İnstitutunun şöbə müdiri Piralı Əliyev və digər məruzəçilər çıxış ediblər.
Qeyd edək ki, konfransda seçilmiş məqalələr “Azərbaycan məktəbi” jurnalının xüsusi buraxılışında çap ediləcək. Konfrans 25 aprel tarixinə qədər davam edəcək.