Mahirə Hüseynova: “Universitetimizin şərəfli tarixinə həssaslıqla yanaşan Prezidentimizə çoxminli kollektivimiz adından minnətdarlığımızı bildiririk”


Xatırlatma: Bu günlərdə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin əmri ilə Mahirə Nağı qızı Hüseynova  Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. Dilçi-alim, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova təyinata qədər universitetin Filologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. O, respublikamızın məhsuldar alimlərindən biri kimi tanınır, dilçiliyin müxtəlif sahələrinə aid 30-a yaxın kitabın - dərs və dərs vəsaiti, həmçinin monoqrafiyaların müəllifidir. M.Hüseynova həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında “Filologiya elmləri və Pedaqogika” Ekspert Şurasının sədri, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvüdür. “Linqvistika problemləri” beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur. Görkəmli alimin bu yaxınlaradək rəhbərlik etdiyi Filologiya fakültəsi respublikanın ali təhsil müəssisələri arasında yeganə fakültələrdəndir ki, özünün “Filoloq” qəzeti və “Filologiya.az” saytı vasitəsi ilə bütün ölkə boyu və ölkəmizdən kənarda yaşayan azərbaycanlılar üçün maraqlı informasiya resurslarından biri kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mahirə Hüseynova (Nağıqızı) Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Müasir Azərbaycan ədəbiyyatında bayatı janrında poetik nümunələrin ən məhsuldar və təkrarsız yaradıcısı sayıla biləcək Mahirə Nağıqızı həm də hərbi-vətənpərvərlik mövzusunda gözəl şeirlərin müəllifidir. 20-dən artıq şeirlər kitabının müəllifi olan xanım Nağıqızının həmin mövzuda ayrıca şeirlərdən ibarət Bakıda nəşr edilmiş “Salam olsun” və Ankarada çap olunan “Konuşan taşlar”  kitabları bu ilin əvvəllərində işıq üzü görmüş və oxucular arasında hadisə kimi qarşılanmışdır. Müəllifin “Ruhuna beşiksə, tanı, Vətəndir”,  “Onun daş nağılı” kitabları ölkəmizdə və onun sərhədlərindən kənarda nüfuzlu ədəbi mükafatlar almışdır.

 

- Mahirə xanım, ilk olaraq, Sizi yeni təyinatınız  münasibəti ilə təbrik edirik. Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində, hesab edirik ki, daha miqyaslı və məsuliyyətli işlər yolunuzu gözləyir. Birinci sualımız yeni vəzifənizin istiqamətləri barədə olacaqdır.

- Təbrikinizə görə təşəkkür edirəm. İlk əvvəl onu deyim ki, universitetimizdə beynəlxalq fəaliyyətin tənzimlənməsi və inkişafı üzrə xətt ölkəmizdə hələ 90-cı illərin sonlarında əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezidentimiz İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilən təhsil islahatlarının məntiqi davamı olan təhsil siyasətinin tərkib hissəsidir. O siyasətin fəlsəfəsi Azərbaycan təhsilini artıq öz sistemini yarada bilməklə bərabər, uğurlu nəticələrini qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarətdir. Milli təhsilimizin ən yaxşı ənənələrini qoruyub, inkişaf etdirmək, onun dünya təhsilinin mütərəqqi və qabaqcıl metodologiyasının özünü doğrultmuş, təsdiq etmiş elementləri ilə sintezinə nail olmaq təhsil siyasətinin başlıca hədəfidir.

 

- Yeri gəlmişkən, Mahirə xanım, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sizi və universitetinizin müəllim-tələbə heyətini bir əsrlik yubiley münasibəti ilə təbrik edirik.

- Təbrikinizə görə, çox sağ olun. Təkcə ölkəmizin deyil, bütün Qafqazın ilk pedaqoji ali təhsil ocağı olan və eləcə də, ancaq ölkəmizin yox, müxtəlif dövlətlərin təhsil müəssisələrini yüksək ixtisaslı müəllim kadrları ilə təmin etmiş Azərbaycan Dövlət Pedaqoji Umiversitetinin şərəfli tarixinə həssaslıqla yanaşan cənab Prezidentimizə imzaladığı Sərəncama görə çoxminli kollektivimiz adından minnətdarlığımızı çatdırıram. Tarixi ərzində Azərbaycanda təhsilin inkişafı üçün böyük xidmətləri olmuş universitetimiz, həmçinin, xalqımızın mənəvi həyatında əvəzsiz rol oynamış görkəmli insanların tərcümeyi- halında öz sözünü demişdir.

 

1921-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağı kimi fəaliyyətə başladığı dövrdən bəri universitetimiz  müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə öz töhfələrini vermişdir. O faktı minnətdarlıq hissi ilə xatırlayırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük qayğısını hər zaman hiss etmişdir və bu gün cənab Prezidentimizin şəxsində müasir Azərbaycan dövlətinin memarı olan Ulu Öndərin müəllim sənətinə göstərdiyi hörmət və ehtiram ənənəsinin yaşadığını görürük.

 

- Hədəflərə çatmaq üçün bu istiqamətdə ölkəmizdə kifayət qədər hüquqi baza artıq yaradılıb...

- Hər bir yaranan hüquqi baza, ilk növbədə,  ölkədə bərqərar olmuş siyasi iradənin nəticəsi olaraq meydana gəlir və hesab edirəm ki, o siyasi iradənin tarixi məqamlarını yada salmağımız hökmən lazımdır. Bu, ona görə vacibdir ki, indiki gənc nəsil hazırkı situasiyanın elə-belə, birdən-birə yaranmadığını, əldə olunan və davam etdirilən yolun asan qurulmadığını bir daha yada salsınlar. İlk növbədə, gəncliyimiz və Azərbaycan Respublikasının hər bir vətəndaşı onu unutmamalıdır ki, xalq olaraq qazanılmış hər bir uğurun arxasında dövlət və dövlətçilik anlayışları dayanır. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qazanılmış bugünkü uğurlarımızın tarixi Azərbaycan xalqının iradəsi ilə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə başlanıbdır. 1918-ci ilin mayında elan olunmuş dövlətin ilk günlərindən milli təhsilimizin sistemli şəkildə təşkili Cümhuriyyət hökumətinin başlıca qayğılarından olubdur. Məsələnin həllinə kompleks yanaşmaların nəticəsi idi ki, artıq 1919-cu ilin ortalarında təhsil sistemində atılan addımların bəhrəsi olaraq ölkənin müxtəlif bölgələrində seminariyalar açıldı, Bakı Dövlət Universiteti və Kənd Təsərrüfatı İnstitutunun yaradılması ilə bağlı qərarlar qəbul edildi. Görülən işlərin ölkənin müxtəlif sahələri üzrə yüksək keyfiyyətli kadrlarla təminatında kifayət etmədiyini nəzərə alan hökumət milli mütəxəssislərin hazırlanması üçün əlavə yollar axtardı və beləliklə də, azərbaycanlıların ilk dövlət səviyyəsində xarici ölkələrdə təhsilə cəlb edilməsi ideyası yarandı. Cümhuriyyətin həmin zamanlarda yaşadığı gərgin ictimai-siyasi, iqtisadi və üstəlik, hərbi vəziyyətə baxmayaraq, azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar verildi. Artıq 1920-ci ilin əvvəllərində Qərbi Avropa, Rusiya və Türkiyənin ən qabaqcıl universitetlərində təhsil almaq üçün gənclərin böyük qrupu seçilmişdi. Cəmiyyətin müxtəlif təbəqələrindən seçilmiş 100 nəfərdən ibarət gəncin təhsil alması üçün Təhsil Nazirliyinə 7 milyon rubl vəsait ayrıldı və onlar qısa müddət ərzində həmin universitetlərə yola düşdülər. Onlar dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alacaqdılar:  Paris Universiteti, Berlin Kommersiya İnstitutu, İstanbul Universiteti, Leypsiq Universiteti, Novoçerkassk Universiteti, Berlin Politexnik İnstitutu, Bonn Universiteti, Darmştadt Ali Texniki Məktəbi, Nansi Universiteti, Roma Ali Eksperimental Aqrar Kral İnstitutu, Vyana Arxeoloji İnstitutu, Tuluza Ali Texniki Məktəbi, Roma Kral Rəssamlıq Akademiyası, Xarkov Tibb İnstitutu və digər nüfuzlu ali təhsil müəssisələri azərbaycanlı tələbələr üçün ocağa dönəcək. Cəmi 23 ay ayaq üstə qalmağı bacaran Cümhuriyyətimiz dövlət siyasəti olaraq xaricdə təhsil ənənəsini bu cür yaratdı. Bütün bunlar təhsil tariximizin unudulmaz səhifələridir.

 

Həmin tarixdən 50 il sonra ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətdə olduğu vaxtlarda o ənənəni bərpa etdi. Azərbaycanda mükəmməl təhsil konsepsiyasının yaradılması Ulu Öndərin adı ilə birbaşa bağlıdır və azərbaycanlı gənclərin respublikadan kənardakı ali təhsil müəssisələrində təhsilə cəlb edilməsi həmin konsepsiyanın tərkib hissələrindən biridir. Bu, böyük dövlət xadiminin, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müasir Azərbaycan Respublikasının memarının uzaqgörənliyi, təhsilə verdiyi böyük önəmin nəticəsi idi ki, 1970/80-ci illərdə Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq şəhərindəki 170-dən artıq nüfuzlu ali təhsil müəssisəsində respublika iqtisadiyyatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaradıldı. Müqayisə üçün bir faktı qeyd edək ki, əgər 1969/70-ci tədris ilində respublikadan kənarda oxumaq üçün cəmi 47 nəfər göndərilmişdisə, 1978-ci ildən etibarən bu rəqəm 800-900 oldu. 1980-ci illərin əvvəllərindən isə bu göstərici 1000-1400 nəfəri əhatə edirdi. Bu gün əsası Ümummilli Liderimiz tərəfindən qoyulan xaricdə təhsil ənənəsi ölkəmizdə uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  hazırlanmış və təsdiq edilmişdir. İnsan kapitalının inkişafına yönəldilən bu proqram çərçivəsində günümüzə qədər 5 mindən artıq ölkə vətəndaşı Azərbaycan Dövlət Neft Fondunun hesabına maliyyələşdirilərək  dünyanın 32 dövlətində yerləşən 379 aparıcı universitetində təhsil almaq hüququ qazanmışdır. Biz faktı yada salaq ki, qeyd olunan universitetlər dünyanın ən yüksək reytinqli 500 universitetləri sırasındadır.Yürüdülən həmin siyasətin davamı kimi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 

 

Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni mərhələnin əsası kimi diqqətçəkəndir. Bu Proqramda ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi və xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsi nəzərdə tutulur.

 

Onu qeyd edək ki, dünyanın aparıcı ali təhsil müəssisələrinin filiallarının ölkəmizdə yaradılması beynəlxalq əməkdaşlığa impuls verməkdən əlavə, əlaqələrin real nəticələri kimi maraqlı faktlardandır.  Bu baxımdan, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının yaradılmasının ancaq  keyfiyyətli yerli kadrların hazırlanması baxımından deyil, həmçinin milli təhsilimizə yeni məzmun vermək nöqteyi- nəzərindən də maraqlı hadisə kimi qəbul olunur. Bu yöndə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanı verən Azərbaycan-Fransa Universiteti təcrübəsi də diqqətəlayiqdir.

 

- Demək olarmı ki, ölkəmizin ali təhsil müəssisələri mükəmməl hüquqi baza ilə bərabər, beynəlxalq  əlaqələrin qurulması, inkişaf etdirilməsi yönümündə geniş təcrübə qazanmağa nail olubdur? Bu kontekstdən yanaşsaq, sizin yeni təyin olunduğunuz vəzifə təmsil etdiyiniz Azərbaycan Dövlət Pedaqoji Universitetin spesifikası nəzərə alınaraq hansı yarımçıq işlərin davam etdirilməsini və hansı yeni layihələrə başlanmasını təxirəsalınmaz edir?

- Sizin və dəyərli oxucularımızın diqqətinə çatdırmaq istərdim ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti bu il 100 yaşını qeyd etməyə hazırlaşan yetkin, ənənələri olan və bunlarla bərabər, qabaqcıl təcrübələrin ilk sınaq yeri kimi sınaqlardan çıxmış ali təhsil müəssisəsidir.

 

Təbii ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üçün mövcud dövlət siyasətinin və həmin siyasətin həyata keçirilməsini təmin edən Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər, təhsil müəssisələrinin, o cümlədən də universitetimizin də qarşısında müəyyən vəzifələr qoyur. Həmin vəzifələr isə problemin həlli üçün kreativ yanaşmalar tələb edir və bu yanaşmaların nəticəsidir ki, görülən işlərin, perspektiv planların geniş siyahısını təqdim edə bilək. Bu istiqamətdə universitetimizdə geniş və məhsuldar fəaliyyətin olduğunu qeyd edə bilərik. O fəaliyyət isə özündə bu sahələri ehtiva edir:

 

* beynəlxalq əməkdaşlıq sahəsində problemlərin həllinə yönəlmiş universitet siyasətinin həyata keçirilməsi;

* universitetin beynəlxalq fəaliyyəti sahəsində prioritet sahələrin, əsas mexanizmlərin və hədəflərin müəyyənləşdirilməsi;

* universitetin beynəlxalq fəaliyyəti çərçivəsində işi tənzimləyən yerli aktların hazırlanması;

* respublika hədəfli və beynəlxalq proqramların, respublika və beynəlxalq fondların müsabiqələri üçün fənlərarası universitet proqramlarına müraciət sənədlərinin hazırlanması;

* Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq elmi və təhsil fəaliyyətinin inkişafı üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbələri, ölkə və xarici universitetlər, tədqiqat mərkəzləri, təşkilatlar və fondlarla qarşılıqlı əlaqə;

* aparıcı xarici alim və mütəxəssisləri Azərbaycan Dövlət Pedaqoji Universitetində müvəqqəti və daimi işə dəvət etməklə işin təşkili;

* təsdiq olunmuş quruma uyğun olaraq əməliyyat rəhbərliyindəki struktur bölmələrin fəaliyyətinin təşkili;

* birgə tədqiqat və təhsil layihələrini həyata keçirmək üçün xarici universitetlərlə tərəfdaşlıq əlaqələri qurmaq və müqavilə əlaqələrini inkişaf etdirmək;

* xarici tərəfdaş universitetlərlə əməkdaşlıq çərçivəsində yay məktəblərinin təşkili və keçirilməsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və aspirantlarının işlərində iştirakı;

* Universitetimizdə xarici vətəndaşların təhsili və xarici vətəndaşlar tərəfindən elmi-pedaqoji stajların keçməsi, akademik mobillik, xarici universitetlərlə mübadilə proqramlarının izlənməsi;

* ADPU-ya beynəlxalq qrantların, layihələrin axtarışı, maliyyə və digər mənbələrin cəlb edilməsi;

* Azərbaycan  Dövlət Pedaqoji Universitetinin beynəlxalq əməkdaşlığının inkişafı üçün proqramların hazırlanması və həyata keçirilməsi; ADPU-nun prioritet tədqiqat sahələrində beynəlxalq konfrans və konqreslərin təşkili;

* Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əməkdaşlıq Koordinasiya Şurasının işi; universitetin beynəlxalq fəaliyyətinə, o cümlədən veb saytının ingilis dilindəki versiyasının müvafiq bölmələrini saxlayaraq, müntəzəm olaraq ölkə və xarici KİV-lər üçün məlumat materialları hazırlamaq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq fəaliyyətinə dair hesabatların hazırlanması;

* Azərbaycan  Dövlət Pedaqoji Universitetinin struktur tərkibi olan filialları, dil və mədəniyyət mərkəzlərinin işinin təşkili və əlaqələndirilməsi;

 

- Mahirə xanım, hesab edirik ki, beynəlxalq əlaqələr sahəsində türkdilli ölkələrlə qurulan işgüzar münasibətlərin xüsusi çəkisi olmalıdır. Belə əlaqələr nə dərəcədə məhsuldardır və həmin məhsuldarlıq hansı nəticələrlə ölçülür?

- Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının olduqca mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə, əlbəttə, universitetimiz üçün, ilk növbədə, türkdilli ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin qurulması, əməkdaşlığın yüksələn xətlə inkişafı prioritet istiqamətdir. Bu illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələri genişlənir, dünyanın müxtəlif ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları, xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə əlaqələrin yaradılması və inkişafı istiqamətində səmərəli işlər həyata keçirilmişdir.  Qeyd edək ki, ancaq son illərdə - 2016-2020-ci illər ərzində beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məzmunu belə deməyə əsas verə bilər.

 

ADPU Türkiyə Respublikasının müxtəlif universitetləri ilə ikitərəfli əməkdaşlıqdan əlavə, Mövlanə Mübadilə proqramı çərçivəsində də əməkdaşlıq edir. Sözügedən mübadilə proqramı çərçivəsində 2016-cı ildə ADPU-nun İbtidai təhsil fakültəsinin 1 tələbəsi Kastamonu Universitetinin Eğitim fakültəsində, Təsviri incəsənət, musiqi və çağırışaqədər hazırlıq fakültəsinin 1 tələbəsi isə Kahramanmaraş Sütçü İmam Universitetinin Gözəl sənətlər fakültəsində mübadilədə iştirak edib.

 

2016-2020-ci illərdə Türkiyənin 10 universiteti ilə Mövlanə Mübadilə proqramı üzrə  protokol, 5 ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Qazaxıstanın və Rusiyanın ali təhsil müəssisələrinin nümayəndələri ilə 9 işgüzar görüş keçirilmişdir.  Görüşlərin  nəticəsi olaraq 8 əməkdaşlıq müqaviləsi imzalanıb, Rusiyanın Dövlət Humanitar Universiteti (RDHU) ilə anlaşma çərçivəsində tələbə mübadiləsi həyata keçirilib. Belə ki, RDHU-nun Beynəlxalq əlaqələr ixtisası üzrə  təhsil alan 8 tələbəsi ADPU-da iki həftəlik yaz məktəbində iştirak etmişdir.

 

ADPU 2016-cı ildə Avropa universitetləri ilə əlaqələri genişləndirmək, tələbə/müəllim mübadiləsi həyata keçirmək məqsədilə Kopenhagen Universitet Kolleci ilə “ERASMUS+KA1”  proqramı çərçivəsində müəssisələrarası müqavilə imzalayıb. 2016-2019-cu illərdə ERASMUS+ KA1 çərçivəsində ADPU-nun 4 tələbəsi, 7 müəllimi mübadilədə iştirak edib, Danimarkanın Kopenhagen Universitet Kollecindən 4 nəfərlik müəllim heyətini qəbul edib.

 

ADPU-nun rektoru professor Cəfər Cəfərov ali təhsil ocağının “ERASMUS+ KA1” çərçivəsində tərəfdaşı olan Kopenhagen Universitet Kollecinə (UCC)  əməkdaşlıq çərçivəsində səfər edib.

 

- Universitetiniz hansı ölkələrlə tələbə mübadiləsi aparır və ümumiyyətlə, nə qədər əcnəbi tələbəniz vardır, onların ali məktəbin həyatında iştirakı sizi qane edirmi?

- İlk növbədə, beynəlxalq əlaqələr müstəvisində, deyim ki, daha intensiv əlaqələrimiz qardaş Türkiyə Respublikası ilə mövcuddur. Ancaq 2016-2019-cu illər ərzində Türkiyənin Ali Təhsil Şurasının (YÖK),  Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış ikitərəfli saziş çərçivəsində, ADPU-nun əcnəbi vətəndaşlarla birbaşa bağladığı  müqavilələr əsasında ADPU-da təhsil almış 78 nəfər əcnəbi tələbə və magistr, 85 nəfər əcnəbi dinləyici məzun olmuşdur. Hazırda 180-dən çox əcnəbi vətəndaş ADPU-nun hazırlıq, bakalavriat və magistratura səviyyələrinin müxtəlif ixtisaslarında təhsil alır. Onların arasında Türkiyə, Rusiya, Gürcüstan, Çin, Türkmənistan, Suriya, Ukrayna vətəndaşları vardır.

 

ADPU-nun 2016-2019-cu illərdə mübadilə çərçivəsində 39  olmaqla, ümumilikdə, 68 nəfər əməkdaşı xarici universitetlər və təşkilatlar tərəfindən təşkil olunan seminarlarda, konfranslarda və təlimlərdə iştirak edib, 6 tələbəsi mübadilə proqramı çərçivəsində xaricdə təhsil alıb. Bu illər ərzində 34 beynəlxalq müqavilə imzalanıb. Universitetin dünyanın 52 qabaqcıl və nüfuzlu universitetləri ilə əməkdaşlıq müqaviləsi (həmçinin ADPU-ya birləşdirilmiş AMİ-nin imzaladığı 13 müqavilə) vardır.

 

- İki ildən artıqdır ki, Azərbaycanda da pandemiyanın yaratdığı məhdudiyyələr var. Gəlin, növbəti sualımızı bu cür səsləndirək: o məhdudiyyətlər şəraitində nəzərdə tutulan layihələrin həyata keçirilməsi işinizdə hansı çətinlikləri yaradır?

- Əlbəttə, COVID-19 bütün dünyada olduğu kimi, ölkəmizin sosial-iqtisadi həyatında da öz sözünü deyir, təəssüf ki, mütəxəssislərin proqnozuna görə, ən azı, yaxın müddətdə bu vəziyyətin davam etməsi istisna olunmur. Ölkəmizin rəhbərliyi, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə pandemiyanın başlanğıc mərhələsində operativ olaraq hazırlanan və həyata keçirilən tədbirlər nəticəsində nəinki onun fəsadlarını minimuma endirməyi, həmçinin ekstremal şəraitdə işlərimizin qurulmasına müvəffəq ola bildik. Bu, təhsil sferasına, o cümlədən, mənim çalışdığım universitetə də aiddir. Bir faktı qeyd edim ki, pandemiya dövründə nəinki tədris prosesində, həmçinin müxtəlif  tədbirlərin, o cümlədən, söhbətimiz üçün prioritet olan beynəlxalq əməkdaşlıq çərçivəsində nəzərdə tutulan layihələrin həyata keçirilməsində problemlə rastlaşmamışıq. Məsələn, həmin layihələrdən biri, universitetimizdə həyata keçirilməsinə 2020-ci ildə başlanılmış “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə: postsovet islam təhsil sistemi ilə dialoq” özündə yaşadığımız dövrün aktual məsələlərini ifadə edir. Erlangen-Nurenberq Fridrix Aleksandr Universiteti, Qazax Milli Pedaqoji Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi müəyyən mövzular üzrə tədqiqat aparmaq, alman-qazax-azərbaycanlılar arasında elmi dialoq qurmaq, bu tədqiqatın nəticələrindən bəhrələnərək tədrisi inkişaf etdirmək, gənc müəllimləri, regional tədrisi və tədqiqat üzrə şəbəkəni təşviq etməkdən ibarətdir. 3 əsas mövzudan ibarət layihə komandasının iştirak etdiyi seminarlar beynəlmiləlləşmə kontekstində pedaqoji peşəkarlıq və dil, pedaqoji peşəkarlıq və gənclər arasında dini və milliyətçi radikallaşmanın qarşısının alınması, müəllimlərin peşəkar hazırlığının ikili model imkanları, beynəlmiləlləşmə çərçivəsində nəzəriyyə və təcrübə arasında əlaqə qurmaq vərdişləri yaratmaqdan ibarətdir. Hazırda layihə həyata keçirilməkdədir.

 

Həmçinin başlanmasına bu il start verilən, icra müddəti 24 ay üçün nəzərdə tutulan  “Təhsildə gender bərabərliyi” layihəsinin icrası uğurla davam etdirilir. Sözsüz ki, Azərbaycan cəmiyyəti üçün gender bərabərliyi bu gün mübahisə predmeti hesab olunmur. Ölkəmizin ictimai, siyasi, sosial həyatının bütün sahələrində qadınlarımızın çəkisi ildən-ilə artır. Yada salsaq ki, 2000-ci ildə  gender bərabərliyinə nail olmaq və  qadınların səlahiyyətlərini  genişləndirmək “minilliyin inkişaf məqsədlərindən” biri kimi  müəyyən edilmişdir, onda bu problemin qlobal miqyası barədə təsəvvürümüz daha da genişlənər. Bundan əlavə, həmin layihədə azyaşlı qızların təhsildən uzaqlaşdırılaraq erkən nigaha cəlb edilməsi, peşə təhsilinin inkişafı və digər məsələlər yer tutur. 2021-2023-cü illəri əhatə edən layihənin online və offline görüşlərində layihə rəhbərlərinin, tədqiqatçıların, təlimçilərin, məktəb müəllimlərinin iştirakı nəzərdə tutulub.

 

- Mahirə xanım, hesab edirik ki, bizim belə bir daxili inamımızla razılaşarsınız ki, beynəlxalq əlaqələrin qurulması ancaq bir sahə üzrə məhdudlaşmır...

- Tamamilə sizinlə razıyam. Məsələn, deyək ki, təhsil sahəsi, yaxud iqtisadiyyatın hansısa bir sahəsi olsun, fərqi yoxdur, istənilən sahə üzrə beynəlxalq əlaqələrin qurulması ancaq təcrübə mübadiləsinə yox, bu təcrübə mübadiləsinin gətirə biləcəyi səmərəliliyə görə də deyil. Söhbət ondan gedir ki, aydan-aya, ildən-ilə “balacalaşan”, bununla da qloballaşan dünya ən uzaq məsafədəki dövlətlərin və xalqların inteqrasiyasını tələb edir. Bu, qaçılmaz gerçəklikdir və həmin gerçəkliyi hər birimiz öz həyatımızda hiss edirik. Bu gerçəkliyin diqtə etdiyi bir amil var: söhbət, mədəniyyətlərin (kültür - sözü fikrimizi daha dəqiq ehtiva edərdi) qovuşmasından gedir. Bu gün dünyanın müəyyən dəyərlər uğrunda çarpışmasının başlıca səbəblərindən biri də budur. Bizim qurduğumuz və genişləndirmək istədiyimiz əlaqələrə həmin kontekstdən yanaşmalıyıq. Fikrimizi ümumiləşdirmək üçün ölkəmizin Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin oktyabrında imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı yada salmaq istərdik. Strategiyanın başlıca fəlsəfəsi Azərbaycan təhsilinin o dəyərlər ruhunda olmasını təmin etməkdir.

 

Oruc MUSTAFAYEV