Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2021-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağının - Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

 

Azərbaycan  Dövlət  Pedaqoji  Universiteti  ölkəmizin  təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Yarandığı vaxtdan etibarən Universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında Universitetin çox sayda məzunları vardır.

 

İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə yüksək ixtisaslı pedaqoji və elmi-pedaqoji kadr yetişdirilməsi sahəsində mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 aprel 2021-ci il