Qazi Yalçın Qasımov: “Biz yaralansaq da, döyüşçü dostlarımız Daşaltına, sonra Şuşaya girdilər”


“Qarabağ Azərbaycandır”, - deyib səfərbər olan, Qarabağın Azərbaycan olduğunu bütün dünyaya isbat eləyənə qədər silahı əlindən yerə qoymayan yüzlərlə, minlərlə azərbaycanlı arasında onların da adı var: müəllimlərin. Sinifdən çıxıb birbaş səngərə yollananlardan biri - Yalçın müəllim də müharibənin ilk günlərindən silahlananlardandır. Onu da əlinə silah almaq məcburiyyətində qoyan isə düşmənin təcavüzkar təhrikləri oldu: “İllərdir hamımız bilirdik ki, bu münaqişənin sülh yolu ilə həlli mümkün deyil. Bir gün silahlanmaq məcburiyyətində qalacağımız gün kimi aydın idi. Bizdən də gələcək nəslə münaqişə miras qalacağını düşünmək hər birimizi narahat edirdi. Ona görə də 2020-ci ilin Tovuz hadisələri səbrimizi daşırdı”.

 

Yalçın Qasımov 1975-ci ildə Siyəzən şəhərində anadan olub. Elə Siyəzəndə də böyüyüb. Uşaqlıqda əlinə keçən taxta, dəmiri silah əvəzinə oyun yoldaşlarına tuşlayıb. Ancaq ilk oyuncaq silahını indi heç xatırlamır da. Çünki həyatda silah yox, qələm tutmağa üstünlük verib.

 

Çünki valideynləri əlindən tutub qələm çevirməyi öyrədərkən ona ilk “sülh” yazmağı öyrədib. Düşmənçiliyi heç oyunlarda da etməyib.Ancaq təəssüf ki, həyat ona valideynlərinin göstərdiyindən fərqli anlayışlar öyrədib.  Özünü dərk etməyə, milli kimliyini tanımağa başlayanda “düşmən” sözü ilə “qonşu” sözünü yan-yana görüb. Məktəbdə öyrəndiklərinə görə günlərin birində qonşu ilə sülh şəraitində yaşayacağımıza inanmaq istəyib. Ona görə də 2 nömrəli Siyəzən şəhər tam orta məktəbi bitirəndən sonra elm yolunda addımlamağa qərar verib. Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. Universiteti bitirəndən sonra bir müddət kiçik elmi işçi kimi çalışıb. Ancaq uşaqlıqdan həvəs göstərdiyi müəllimlikdən uzaqda qalmaq istəməyib və 2 il əvvəl müəllimliyə başlayıb.

 

Zabit Yalçın Qasımov

 

Halbuki hərbçi olmaq üçün potensialı vardı. Əlinə ilk dəfə silah aldığı, silahı açıb-yığmağı öyrəndiyi, həftələrlə təlimlərdə koordinat verməyi, nişan almağı öyrəndiyi tələbəlik illərindən bəlliydi bu. Bu bacarığının nəticəsidir ki, universiteti leytenant, həqiqi hərbi xidməti baş leytenant rütbəsində bitirmişdi: “2005-2007-ci illərdə həqiqi hərbi xidmətdə oldum. Mən universiteti bitirəndə leytenant idim. Çünki həmin vaxt Bakı Dövlət Universitetində hərbi kafedra fəaliyyət göstərirdi. Ali məktəbi leytenant rütbəsində tamamladım. Hərbi xidmətdə Ağdamda oldum. Leytenant olduğumdan zabit kimi hərbi xidmətə başladım. Baş leytenant rütbəsi alaraq ordudan tərxis olundum”.

 

Aprel döyüşlərində

 

Ordudan tərxis olunsa da, cəbhə bölgəsində yaşananlara biganə qalmayıb. Sərhədlərimizə olan istənilən müdaxiləyə qarşı əlindən gələni edib: “2016-cı ildə aprel döyüşləri baş verəndə də cəbhədəydim. O vaxt da əlimdən gələni etməyə çalışırdım. Döyüşlər baş verəndə dostumgildə, Goranboydaydım. Dostumun yaşadığı Xanqərvənd kəndindən baş verənləri soyuqqanlılıqla müşahidə etmək mümkün deyildi. Artilleriya atəşinin səsi dostumgilin evindən aydın eşidilirdi. Biz də olanlara biganə qalmadıq. Maşına oturub ordumuza köməyə getdik. Öz rayonumuzda olsam, rəsmi şəkildə müraciət edəcəkdim. Ancaq rayonumuzdan uzaqdaydım. İmkanımız ancaq bu qədərini etməyə çatırdı. Çox irəli buraxılmadığımızdan topçuların yanına qədər gedə bilmişdik. Döyüşə bilməsək də, mərmi daşıyır, ehtiyac hiss edilən hər işdə döyüşçülərimizə əlimizdən gələn köməyi eləyirdik. O vaxt savaş uzun çəkmədi. Qısa müddətdə atəşkəs dayandı, biz də geri qayıtdıq”.

 

Vətən müharibəsi başlayanda

 

Aprel döyüşləri son olmadı. Milləti ayağa qaldıracaq təcavüzlər davam edirdi. Nəhayət, 2020-ci ilin yayında yaşananlar çoxları kimi Yalçın müəllimin də ürəyindəki intiqam atəşini alovlandırdı: “Tovuz hadisələrindən sonra hər kəs kimi mən də yerimdə dura bilmədim. Həmin vaxt heç kim üçün asan deyildi. Ağır itkilər vermişdik. Polad Həşimov kimi generalımız həlak olmuşdu. Müəllim yoldaşımla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedib müraciət etdik. Hər hansı döyüş əməliyyatları başlayarsa, orduda indiyədək qazandığımız hərbi bilik və təcrübəmizlə əlimizdən gələn xidməti göstərməyə hazır olduğumuzu bildirdik. Vətən müharibəsi başlayanda çağırdılar”.

 

Şuşaya doğru qarış-qarış

 

Bir himə bənddi əlinə silah alıb düşmənin qarşısına çıxmaq üçün. Tağım komandiri Yalçın Qasımovun döyüş yolu Füzulidən başladı: “İki istiqamətdə döyüşlər gedirdi. Mən sol cinahda döyüşürdüm. Keçilməsi mümkün olmayan beton istehkamlar qurulmuşdu. O səddi aşıb qələbə qazanmaq asan deyildi. Ona görə də kilometrlərlə yol gedib düşmənin arxasına keçərək hücum edirdik. Dağlarla 25  kilometr məsafə qət edib əvvəlcədən verilən mövqedə yerimizi alır, hücum üçün əmr gözləyirdik. Piyada, min bir əziyyətlə getdikdən sonra yorğun-yorğun birbaş hücum etmək çətin olardı. Hər addımımız düzgün hesablanırdı. Verilən mövqedə yerimizi  tutur, əmr verilən kimi hücuma keçirdik”.

 

Zabit Yalçın Qasımovun da ön sıralarında olduğu Azərbaycan Ordusu qələbədən-qələbəyə gedir, hər uğur döyüşçülərin sinəsini qürurdan qabardır, daha böyük zəfərə həvəsləndirirdi. Nəticədə beton sədlər arxada qalıb və Azərbaycan Ordusu irəliləyərək Şuşaya qədər gedib çıxıb: “Füzulidən sonra Qubadlı və Şuşa istiqamətində döyüşdüm. Son döyüşüm Daşaltı oldu”.

 

“Vidalaşanda bir-birimizlə halallaşırdıq”

 

Hər dəfə döyüşə bəlkə daha görüşməyəcəkləri ehtimalını nəzərə alıb gedirdilər: “Vidalaşanda bir-birimizlə halallaşırdıq. Mənim də son  döyüşüm Daşaltı oldu. Topxana meşəsi ilə gecə yol getdik. Daşaltına girmək üçün açıqlığa çıxdıq. Çıxanda gördüm ki, düşmənin müşahidə məntəqəsi görünür. Anladım ki, onlar bizi görəcəklər. Baxmayaraq ki, biz onları daha tez gördük, yenə də minamyot atəşindən yayına bilmədik. Açıqlıq olduğundan təhlükəsiz mövqe tutana qədər atəşə məruz qaldıq. Orada həmkarım Murad müəllim də yaralandı mənimlə. Biz yaralansaq da, döyüşçü dostlarımız Daşaltına, sonra Şuşaya girdilər. Noyabrın 4-də yaralandım, ayın 5-də hospitala yerləşdirildim. Noyabrın 17-dək müalicəm davam elədi. Sonra çıxıb döyüşçü dostlarımın yanına qayıtdım”.

 

Vətən müharibəsində vəzifəsinin öhdəsindən layiqincə gələn Yalçın müəllim ötən il dekabrın 5-də evinə, məktəbinə qayıdıb.

 

Tağım komandiri Y.Qasımovun müharibədə göstərdiyi qəhrəmanlıq yüksək qiymətləndirilib. O, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

Ruhiyyə DAŞSALAHLI