On iki yaşlı rəssamın uğur hekayəsi
Valideynlərimin söylədiklərinə görə mən lap kiçik yaşlarımdan təbiət mənzərələrini çəkməyə meyl göstərmişəm. Ağac, dağ, çay, müxtəlif heyvan rəsmələri çəkir, sonra da hirslənərək cırıb atırmışam. Səbəb də bu olurmuş ki, çəkdiyim rəsmləri hamı bəyənsə də, özüm bəyənmirmişəm. İllər ötdü və mən böyüyüb 1-ci sinfə getdim.Yenə də boş vaxtım yaranan kimi çantamdakı rəngli karandaşları stolun üstünə tökərək əvvəlki qaydada rəsmlər çəkməyə başlayırdım. Anam həmişə saçlarıma sığal çəkərək, - mənim rəssam balam nə gözəl rəsm çəkib, - deyərdi. Əvvəllər əyləncə saydığım rəsm sənətinə marağımın getdikcə daha çox artdığını hiss edən valideynlərim məni 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə aparmağa qərar verdilər. Çəkdiyim rəsmlər Mərkəzin müəllimləri tərəfindən bəyənildi və sonra qazandığım bütün uğurların əzəli də elə onda qoyuldu...
...Artıq 12 yaşı olan yeniyetmə rəsm həvəskarı Məryəm Atlıxanova bu yaradıcılıq sahəsinə bağlılığının qısa tarixçəsini nəql etdikcə adları tarixin yaddaşına sənət fatehləri kimi həkk olunan tanınmış klassiklərin tərcümeyi-halları yaddaşımda təzələnirdi. Bir anlıq elə düşündüm ki, hazırda mənimlə həmsöhbət olan bu istedadlı yeniyetmə gələcəkdə tanınmış peşə sahiblərindən biri olacaq və bu gün haqqında qələmə alacağım yazı da onun şəxsi arxivində ən qiymətli xatirə kimi saxlanılacaq. Nə isə, gəlin, artıq beş ildir ki, üzvü olduğu Mərkəzdə dekorativ-tətbiqi sənət dərnəyində qazandığı uğurları barədə həmsöhbətimin hədsiz sevinc hissi ilə söylədiklərini dinləməkdə davam edək.
Sənətkarı ancaq əsərləri sevdirə bilər
Bu sənətin sirlərini rəsm müəllimim Aytən Bəylərzadə həvəslə mənə mənimsədib. Rəssamlıq da başqa sahələr kimi nə qədər fitri istedad, yaradıcılıq qabiliyyəti tələb edən bir sahə olsa da onun dərin sirlərinə müəllimsiz heç vaxt yiyələnmək mümkün ola bilməz. Müəllim ilk növbədə, şagirdə istiqamət verir, rəssamlıq sənətinin fəlsəfəsini mənimsədir, bizi onun mahir bilicisi olmağa ruhlandırır. Mən deyərdim ki, rəssamlıq yaradıcılıq sahəsi olmaqla bərabər, həm də bir elmdir, özü də riyaziyyat qədər dəqiqlik sevən çətin bir elm. Əgər qələmə alınan bir rəsm əsəri tamaşaçını düşünməyə vadar etməsə, onu əsər adlandırmaq olmaz. Adi bir ağ vərəqdə qələmə alınan hər hansı rəsm nümunəsinə gərəkdir ki, can verəsən, həyat verəsən və o, özü haqda öz dilində tamaşaçıyla ünsiyyət qura bilsin. Sənətkarı yaşadan, onu sevdirən, məşhur edən də elə onun əsərlərindəki bu kimi vacib keyfiyyətlər ola bilər.
...Açığı Məryəm danışdıqca mən bir şagirdlə deyil, sanki bu sənətin ağır yükünü ürəyində daşımağı bacaran bir sənətkarla həmsöhbət olduğumu zənn edirdim və qəribə hisslər də keçirirdim. -Doğrudanmı yaradıcı adamlar lap elə uşaq və yeniyetmə yaşlarından qeyri-adilikləri ilə başqalarından hiss olunan qədər fərqlənirlər?-deyə, düşünürdüm. Qəribə olsa da o, danışdıqca mənim arabir qeyri-ixtiyari xəyal aləminə baş vurduğum da heç diqqətindən yayınmırdı, olduqca həssas və diqqətcil qız idi.
“Biz birlikdə güclüyük”
- Müxtəlif vaxtlarda rəsm müsabiqələrində dəfələrlə iştirak etmişəm və çox uğurlara da imza atmışam, - deyərək, Məryəm söhbətinə davam edir. Mərkəzdə təşkil olunan “Mənim nağıl dünyam”, “Sehrli nöqtələr”, “Təbiətimizi qoruyaq” adlı rəsm sərgilərində fərqləndiyimə görə diplomlarla mükafatlandırılmışam. “Biz birlikdə güclüyük”, “Qızıl hərflərlə yazılan tarix”, “Qayıdış”, “Qarabağ abidələri” adlı respublika onlayn müsabiqələrində I yerə layiq görülmüşəm.
“Odlar yurdu Azərbaycan”
Moskva şəhərində keçirilən “Dialoq” beynəlxalq uşaq rəsmləri müsabiqəsində fəal iştirak edərək qaliblər sırasında olmuşam. “Odlar yurdu Azərbaycan” mövzusuna həsr olunmuş müsabiqədə isə “İçərişəhər” adlı rəsm əsərimlə laureat adını qazandım və diplomla mükafatlandırıldım. “Dostluğun sehri” II beynəlxalq uşaq rəsm müsabiqəsinə qatılaraq birincilik qazandım. Sevinirəm ki, Müzəffər Ordumuz tərəfindən Qarabağın işğaldan azad olunmasına həsr olunan bir çox sərgilərdə əsərləri fərqlənən iştirakçılardan biri də mən olmuşam. Bu, mənim üçün həm də qürurverici bir hal idi. Bizə doğmadan- doğma olan musiqi beşiyimiz, iftixar mənbəyimiz olan Şuşamıza həsr olunan “Şuşa” adlı sərgidə müəllimlərimin və valideynlərimin ümidlərini doğrultdum. Etiraf edim ki, rəsm müsabiqələrində iştirakım zamanı qazandığım nailiyyətlər mənə bol-bol sevinc hissləri yaşadır. Hazırda isə “ Biz zəfər qazandıq” respublika onlayn rəsm müsabiqəsinə hazırlaşıram. Bu müsabiqədə də rəsmlərimin bəyəniləcəyinə ümid edirəm. Ürəklə gördüyüm işlərin mənə başucalığı qazandırdığının dəfələrlə şahidi olmuşam. Xüsusilə vurğulamaq istəyirəm ki, mənim və bütün yaradıcı dostlarımın uğurlara imza atmağımızda Mərkəzimizin rəhbəri Lalə Qətinin, sevimli müəllimlərimizin rolu əvəzolunmazdır. Məhz onların uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri diqqət və qayğının bol bəhrəsidir qazandığımız bütün uğurlar.
Yeri gəlmişkən, mən rəsmlə bərabər vaxt tapıb rəqslə də məşğul oluram və rəqs etməyi çox sevirəm. “Dostluq” festivalında fərqli rəqs nümayiş etdirdiyimə görə diploma da layiq görülmüşəm. Dərslərimdə də sinif yoldaşlarımdan geri qalmıram, adım yaxşı oxuyanlar sırasındadır.
Məktəbin ictimai işlərində olduqca fəalam
Məktəbin ictimai işlərində də daim fəallıq nümayiş etdirirəm və direktorumuz bunu cavabsız qoymayaraq diplomlarla qiymətləndirir. “Azərbaycan, dünyam mənim” və “Bacarıqlı əllər” sərgilərində qalib olmuşam.
Riyaziyyat fənnini çox sevirəm. 2020-ci ildə “Lütfizadə” adlı məntiq olimpiadasında məktəb üzrə 1-ci yeri tutmuşam. Ümumiyyətlə, istər təhsil, istərsə də yaradıcılıq sahəsində qazandığım bütün uğurlarıma görə valideynlərimə hədsiz minnətdaram. Onlar mənim enerji mənbəyim, dayağım, gözlərimin işığı, nurudur. Boynumda haqları da böyükdür; mənə stimul veriblər, qol-qanad veriblər və bu səviyyəyə pərvazlandırıblar.
Özümə qarşı olduqca tələbkaram. Yalnız və yalnız gərgin əmək və əzmkarlıq sayəsində bütün baryerləri aşmağın mümkünlüyünü yaşım 12 olsa da yaxşı dərk edirəm. Həmyaşıdlarıma da bu keyfiyyətlərə sahib olmağı arzulayıram. Onda qazandıqların halal payın olur və insan özünü güclü, qüdrətli hiss edir.
...Şübhəsiz, mən bir jurnalist olaraq Məryəmin gələcəkdə hansı sənətin, yaxud peşənin sahibi olacağı qətiyyətində ola bilmərəm. Ancaq bu dilli-dilavər qızın dediklərindən hasil olan bir qətiyyətim oldu ki, bu cür çalışqan, prinsipial, zəhmətkeş şagird qarşısına qoyduğu bütün məqsədlərə nail olmağa qadirdir.Tanrı qorusun!
Sifai SƏFƏROVA