Emin Əmrullayev: “Təhsil Nazirliyi qurum olaraq əyani təhsilə qayıtmaq istəyən ən maraqlı tərəflərdən biridir”
(Əvvəli https://muallim.edu.az/news.php?id=15442)
Aprelin 7-də Təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramının qonağı olub. Verilişdə pandemiya dövründə tədrisin təşkili, təhsil işçilərinin vaksinasiyası, direktorların işə qəbulu, peşə təhsili, SABAH magistraturası və digər məsələlər ətrafında danışılıb.
XXI əsrin və əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanması
- Pandemiyanın yaratdığı çətinliklərə rəğmən müəyyən yeniliklər də həyata keçirilir. Mən istərdim ki, xüsusilə tələbələri maraqlandıran bir məqam - SABAH magistraturası barəsində də danışaq. Bu yenilik nə verəcək? Tələbələr üçün onun əsas mahiyyəti nədən ibarətdir?
- Siz bilirsiniz ki, 5 ildən artıqdır ki, SABAH bakalavr səviyyəsində tətbiq olunur. Savadlı, bacarıqlı və hazırlıqlı tələbələr üçün fərqli mühit yaratmaq məqsədi daşıyır. SABAH magistraturasının bir neçə məqsədi var. Birincisi, XXI əsrin və əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanmasıdır. Ona görə builki SABAH magistratura proqramları başladıqda biz məhz elektron kommersiya, süni intellekt, daha çox İT ixtisasları üzərində olan ixtisaslara fokus oluruq. İkinci məsələ, məzmun məsələsidir, yəni, ixtisasla yanaşı ona uyğun zəruri məzmunu düzgün çatdırmaq. Çalışdığımız daha praktikyönlü magistr proqramlarını hazırlamaqdır ki, tələbələr öz vaxtlarını auditoriyada keçirməklə yanaşı, həm də praktik həyatda öz ixtisaslarının nədən ibarət olduğunu başa düşsünlər. Üçüncü məsələ isə SABAH magistraturasında xarici ölkələrin daha çox müsbət təcrübəsi olan ali təhsil müəssisələri ilə yerli ali təhsil ocaqlarının əməkdaşlığını təmin etməklə tələbələri, belə deyək, gələcək əmək bazarına hazırlamaqdır.
Peşə təhsilinə maraq artır
- Son illər peşə təhsilinə kifayət qədər maraq artıb. Bunun əsas səbəbi nə ilə izah edilə bilər? Hansı yeniliklər, belə deyək də, peşə təhsilinə marağı artıran əsas səbəblər hesab olunur?
- Yəni, biz birinci başa düşməliyik ki, peşə təhsili ilə bağlı hansı problemlərimiz var. 30 illik işğal dövründə öz torpaqlarından didərgin düşən məcburi köçkünlər bir çox peşə təhsil müəssisələrimizdə müvəqqəti məskunlaşıblar. Vaxtilə işğalda olan torpaqlarımızda mövcud olan peşə təhsili infrastrukturu demək olar ki, dağıdılmışdır. Artıq qazandığımız zəfər həmin bölgələrdəki peşə təhsili müəssisələrinin də inkişaf edəcəyinə əminlik yaradır. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə ən müasir standartlara cavab verən bir neçə peşə təhsili müəssisələri artıq istifadəyə verilib. Bu peşə təhsili müəssisələri özünün, belə deyək, infrastrukturuna görə hətta bəzi ali təhsil müəssisələrini də qabaqlayır.
Peşə təhsili ilə bağlı ikinci problem onun davam formasında, yəni, hər hansı bir şəxsin peşə təhsili alandan sonra öz təhsilini necə davam etdirilməsi idi. Bu problemin həlli üçün biz yüksək peşə ixtisas təhsili və yaxud səviyyəsini tətbiq etməyə başlamışıq. Bu il 1000-ə yaxın tələbənin həmin peşə ixtisaslarına qəbulunu planlaşdırırıq. Yüksək peşə ixtisas təhsili nədir? Yüksək peşə ixtisas təhsili subbakalavr, yəni, kollec və ya keçmiş texnikum səviyyəsinə qəbul deməkdir. Artıq subbakalavrdan sonra tələbələr təhsillərini ali məktəblərdə davam etdirmək imkanı da qazanır. Yəni, prinsipcə yiyələndiyi peşə təhsilindən sonra ona müvafiq olaraq ali təhsil almaq imkanının yaradılması da düşünürəm ki, bu sahəyə marağı artırır. Üçüncü məsələ, əmək bazarının tələbidir. Əmək bazarında boş iş yerləri heç də həmişə ali təhsil tələb edən ixtisaslarla bağlı deyil. Bir çox hallarda məhz peşə təhsilini bitirmiş insanlara böyük tələbat var. Bu da mənə elə gəlir ki, olduqca vacib tendensiyadır və insanlar bunu başa düşdükcə həmin sahəyə maraq düşünürəm ki, getdikcə daha da artacaqdır.
Məzun olduqdan sonra iş tapmaq və əməkhaqqı almaq ən vacib amildir. Biz də bunu öz işimizin əsas indikatoru kimi hesab edirik. Bu ildən başlayaraq həm qısamüddətli kursları, həm də dediyim yüksək peşə ixtisasları üzrə qəbulu Bakıda, eləcə də bölgələrimizdə qeyd etdiyim kimi yeni yaradılmış hər cür infrastrukturu, müasir tələblərə cavab verən həmin məktəblərdə təşkil etməyi planlaşdırırıq.
Pandemiya həm də imkanlar yaradır
- Pandemiya bu sahədə hər hansı bir çətinliklər yaradırmı və yaxud da əvvəlcədən nəzərdə tutduğunuz planlarınızın dəyişməsinə səbəb olubmu?
- Təbii ki, kifayət qədər ciddi problemlər yaradır. Məsələn, peşə təhsili insanların bir yerdə və ya üzbəüz olub hansısa bir formada ustalıq öyrənməyı tələb edir. Bildiyiniz kimi son ildə pandemiya səbəbindən biz bir neçə dəfə ciddi, belə deyək, məhdudiyyətlər yaşadıq. Bunun təsirləri var və düşünürəm ki, pandemiyanın təsirləri qısamüddətli deyil.Yəni, bunu da başa düşməliyik ki, bizim kifayət qədər uzunmüddətdə təhsilə olan nəticələri aradan qaldırmaq üçün vaxt və resurslara ehtiyacımız olacaq. Yəni, burada hansısa 1 və ya 2 ildən danışmırıq. Artıq dünyada bununla bağlı müəyyən ilkin tədqiqatlar var və kifayət qədər uzunmüddətli zaman, müddətlər səsləndirilir. Amma eyni zamanda da başa düşməliyik ki, pandemiya yalnız problem deyil, həm də imkanlar yaradır. Xüsusilə biz yeni ixtisaslar, o cümlədən texnologiyanın nə qədər tez bir zamanda inkişafı, ondan səmərəli istifadə və zəruriyyətdən irəli gələrək öyrənməni müşahidə edirik. Ona görə bəzi hallarda, yəni, yaranmış situasiyanın ağırlığı ilə yanaşı, bu imkanlara da baxmağı tələb edir.
Məncə, bunları birinci görən, onlardan düzgün faydalanan şəxslər, uzunmüddətli vədədə həmin o pandemiyadan müsbət formada ayrılan ölkələr və yaxud sistemlər olacaq. Sadəcə olaraq o şikayət edən və giley-güzarla məşğul olan insanlar üçün vəziyyətin daha yaxşı olmayacağını səmimi olaraq düşünürəm. Çünki burada verilmiş çətinliklərə və çağırışlara doğru biz nə edirik sualı olduqca vacibdir, nəinki yalnız problemlər haqqında danışmağımız. Problemlərlə yanaşı, onların həlli haqqında danışmaq da olduqca zəruridir.
“Dərs vaxtı” proqramının 8000-ci buraxılışı
- Əslində əvvəldə vurğuladıq ki, pandemiya təhsil sahəsində həm də bizə bir distant təhsil təcrübəsi qazandırdı. Həmin sahədə öz peşəkarlığımızı necə daha da inkişaf etdirə bilərik kimi bir məsələ də ortaya çıxır. Bu müddət ərzində Azərbaycan Dövlət Televiziyası ilə Təhsil Nazirliyinin uğurlu əməkdaşlığı yaranıb. Sizi, eləcə də, bizi təbrik etmək olar ki, artıq “Dərs vaxtı” proqramının 8000-ci buraxılışı efirdə yayımlanıb. Ümumiyyətlə, teledərslərin keyfiyyəti necədir? Və belə deyək ki, şagirdlərin bundan səmərəli istifadəsi ilə bağlı müşahidələr, monitorinqlər aparırsınızmı?
- Mən ilk növbədə Azərbaycan Dövlət Televiziyasına həm təşəkkürümü bildirmək, həm də təbrik etmək istəyirəm. Həqiqətən də artıq 8000-ci dərsin çəkilməsi Azəbaycan təhsili üçün birmənalı olaraq müsbət bir haldır. Çünki mən inanıram ki, post-pandemiya dövründə də həmin dərslərin şagirdlər üçün əlçatan olması istənilən halda yaxşı xəbərdir. Yəni, teledərslərin olması olmamasından daha yaxşıdır. Nəzərə alsaq ki, 8000-ci teledərsin çəkilməsi bizim həm televiziya, həm müəllim həmkarlarımızın böyük zəhməti və səyi nəticəsində mümkün olmuşdur. Mən elə buna görə də əməyi olan hər bir kəsə minnətdarlıq etməklə bərabər, bunun həm də nə qədər ağır bir iş olduğunu vurğulamaq istərdim. Xüsusilə pandemiyanın ilk dövrlərində bütün məhdudiyyətlərə, risklərə baxmayaraq həm müəllimlərimizin, eyni zamanda televiziya işçilərimizin burada çox vacib bir əməkdaşlığı quruldu və nəticə də oldu.Teledərslər nə qədər faydalıdır sualına cavab olaraq bildirmək istəyirəm ki, təbii ki, teledərslər bütün problemləri həll etmir. Bilirik ki, 99 faizdən yuxarı hər bir kəsin evində televizor var və Azərbaycan Dövlət Televiziyasından bu dərsləri hamı izləyir. Bu baxımdan dərslik və teledərs minimal olaraq hər bir şagirdin öyrənməsi üçün əlində olan imkandır.Təbii ki, minimal və arzu edilən arasında müxtəlif məsafələr var.Bu istər ailələrdən, bölgələrdən asılı olaraq dəyişir və Təhsil Nazirliyi üçün ən böyük problemlərdən biridir. Çünki biz hər bir şagirdin davamlı və eyni zamanda keyfiyyətli təhsil almağını istəyirik. Amma nə bizdə, nə də başqa ölkələrdə bu həmişə mümkün olmur. Amma biz bu ideyaya doğru addımlamalıyıq. Məncə, ona görə teledərslərin minimal müsbət təsir, həmçinin uzunmüddətlilik baxımından da rolu əvəzsizdir. Düşünürəm ki, teledərslərin keyfiyyəti getdikcə yüksəlməkdədir.
Ən önəmli məsələ məzmunla, dəyərlərlə, davranışla bağlıdır
- Emin müəllim, proqramımızın əvvəlində vurğuladınız ki, qeyri-müəyyən bir vəziyyət yaranıbdır. Biz pandemiyanın, belə deyək ki, yer kürəsindən nə vaxt itəcəyini hələ ki, proqnozlaşdıra bilmirik. Bununla bağlı hətta ən peşəkar tibb mütəxəssisləri belə proqnoz verməkdə çətinlik çəkirlər. Ona görə post-pandemiya dövründən bizim danışmağımız bəlkə də hələ tezdir. Amma bununla belə Təhsil Nazirliyi olaraq siz post-pandemiya dövründə təhsil sahəsində yaranmış boşluqları, ümumiyyətlə, pandemiyanın vurduğu zərərləri kompensasiya etmək üçün hansı addımları atmağı planlaşdırırsınız?
- Çox vacib sualdır. Çünki, məncə ən vacib məqsəd itirilmiş bir öyrənmə, bir bilik, bacarıqlar var. Amma öyrənmək imkanı var. Və bu, dediyim kimi milyondan artıq insanı əhatə edir. Həmin itirilmiş öyrənməni bərpa etmək elə də asan məsələ deyil. Zaman və resurs tələb edir. Eyni zamanda biz yeni reallıqları başa düşürük. Və yeni reallıqlara adaptasiya olmaq çox vacib məsələdir. Yenə də deyirəm, burada biz müqavimət göstərə və ya adaptasiya ola bilərik. Düşünürəm ki, adaptasiya olmaq müqavimətdən daha yaxşı strategiyadır.
Digər bir məsələ, biz başa düşdük ki, öyrənməyə informasiya-kommunikasiya texnologiyaları nə qədər təsir edir və bizim Təhsil Nazirliyi olaraq məktəblərdə həm müəllimlərimizin İKT-dən istifadə bacarığı, həm təhsil müəssisələrimizin İKT infrastrukturu, həmçinin onların internet bağlantısının daha da yaxşılaşdırılması vacibdir. Amma bunlar hamısı alətdir. Ən önəmli məsələ yenə də məzmunla, dəyərlərlə, davranışlarla bağlıdır. Və xüsusi qeyd etmək istəyirəm ki, pandemiyanın ən çətin olan hissələrindən biri müəllim və şagirdlər üçün sosial-emosional tərəfləridir. Dərhal sonra düşünürəm ki, biz məhz bu psixoloji dəstəklə bağlı və xüsusilə ibtidai sinif şagirdlərimiz üçün situasiyadan asılı olaraq çox işlər görə bilərik. Əlavə dərslər, dəstək tədbirləri, məktəbdə müəllimlərin və müxtəlif qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin və yaxud özəl sektorun, o cümlədən ailələrin, valideynlərin yaxından iştirakını gözləyirik. Çünki bu, tək Təhsil Nazirliyinin görə biləcəyi bir proses deyil. Biz daha çox təhsili tənzimləyən qurumuq. Və ona görə alətlərimizdən optimal istifadə etməyi düşünürük. Ancaq eyni zamanda ailələr də, belə deyək, ümumi cəmiyyətimiz də bu situasiyanı başa düşüb bacardıqca bayaq dediyimiz kimi problemlərə fokus olub, amma imkanları görüb həll yollarını da ən qısa zamanda tətbiq etməyə çalışmalıdır.
Pandemiyadan çıxmağın ən qısa yolu vaksinasiyadır
- Biz arzulayırıq ki, növbəti dəfə “Hədəf” proqramında verəcəyimiz suallar post-pandemiya dövründə Təhsil Nazirliyinin təhsil sahəsində pandemiyanın vurduğu zərərlərin bərpa prosesi barədə olsun.
Emin müəllim suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik.
- Çox sağ olun. Mən də düşünürəm ki, ən vacib məsələ nikbin olmaqdır. Bu günləri pandemiyadan çıxmağın ən qısa yolu vaksinasiyadır. Mən bu sözü bilə-bilə dəfələrlə təkrar edirəm. Çünki bizim vətəndaşlarımız nə qədər tez vaksinasiya olunarsa, bir o qədər həm təhsilimiz normala, ənənəviyə qayıda bilər, həm də ümumi həyatımız.
- Mən də sizə təşəkkürümü bildirirəm.