Naxçıvan Müəllimlər İnstitutunda “Autizmli uşaqların cəmiyyətə qazandırılması” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin əməkdaşları, ümumtəhsil məktəblərinin psixoloqları və müəllimləri iştirak ediblər.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üçün bir sıra Dövlət Proqramları qəbul edilib və onların icrası bütün cəmiyyət üzvləri ilə yanaşı, təhsil işçiləri qarşısında da mühüm vəzifələr müəyyənləşdirir.
2016-2020 və 2021-2025-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqram”ları muxtar respublikada bu sahədəki işlərin məqsədyönlü həyata kecirilməsini təmin edib. Proqram fiziki imkanları məhdud uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, onların təlimində mütərəqqi üsulların tətbiqi, bu istiqamətdə kadr hazırlığının gücləndirilməsi, pedaqoji kadrların bu sahəyə aid bilik və bacarıqlarının təkmilləşdirilməsini tələb edir. Peşəkar bacarıqlar sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün vacib şərtlərdən biridir.
Rektor qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlar içərisində autizm sindromu olanlar daha çoxluq təşkil edir:”Aprel ayı dünyada Autizm Maarifləndirmə ayı kimi geniş qeyd edilir. Dünya Autizm məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı ilə təsis olunub. Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Bu sindrom haqqında istər pedaqoji heyət, istərsə də valideynlər arasında daima maarifləndirici iş aparmaq lazımdır”.
Sonra konfransın proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərovun “Sağlamlıq imkanları məhdud uşaqlarla aparılan işin təşkili”, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial təminat xidmətinin rəisi Vüqar Məmmədovun “Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dövlət qayğısı”, Regional İnformasiya Mərkəzinin direktoru Minurə Musayevanın “Autizm haqqında məlumat, autizmin əlamətləri və digər sindromlarla fərqi”, Regional İnformasiya Mərkəzinin müəllim-psixoloqu Ağabəyim Bağirovanın “Autizmlilərdə nitqin inkişafı problemləri” və Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının müəllimi Almaz Məmmədovanın “Autizmdə təlim, terapiya və müalicə metodları” mövzularında məruzələri dinlənilib.
Tədbirdə autizm sindromunun terapiyası yolları və metodlarını özündə əks etdirən praktik video nümunələrə baxış da olub.