21 qalib diplom və hədiyyələrlə mükafatlandırılıb


1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsinə  yekun vurulub

 

Bu il martın 7-dən start götürmüş müsabiqə 10–17 yaş arası uşaq və gənclər olmaqla, 10-13 və 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib. Müsabiqədə respublika üzrə fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat məktəblərinin şagirdləri, məktəbdənkənar müəssisələrin dərnək üzvləri iştirak ediblər. Müsabiqənin keçirilməsində məqsəd  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını məktəblilər arasında təbliği, onları tarixi şəxsiyyətlərimizlə tanış etmək, tariximizi sevməyi, onunla fəxr etməyi şagirdlərə aşılamaq, dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirmək, təsviri sənət vasitəsilə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir. Ümumilikdə müsabiqəyə respublika üzrə 100 tədris müəssisəsi qatılıb və 498 rəsm işi təqdim edilib.

 

Qaliblər 20 iyun 2018-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasına dəvət olunub, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

Mövzular üzrə ümumilikdə 21 qalib və 18 həvəsləndirici yer münsiflər tərəfindən seçilib.

                        

Sifai SƏFƏROVA